İsrail Dəniz Qüvvələri Qəzzaya humanitar yardım aparan “Madleen” gəmisinə hücum edib.
"Bizimxeber" bildirir ki, gəmidə tanınmış iqlim fəalı Greta Tunberq, “Game of Thrones” serialının aktyoru Liam Cunningham və Avropa Parlamentinin fransalı üzvü Rima Hassan da daxil olmaqla bir sıra beynəlxalq fəallar olub.
İsrail Xarici İşlər Nazirliyi X platformasında yayımladığı açıqlamada bildirib ki, sərnişinlərin öz ölkələrinə geri qaytarılması gözlənilir. Gəminin hazırda İsrail sularına aparıldığı və ekipajın saxlandığı deyilir.
Hadisə Azadlıq Donanması Koalisiyası (FFC) tərəfindən təsdiqlənib. Koalisiya Telegram kanalında yayımladığı fotoda “Madleen” gəmisində xilasedici jiletlər geyinmiş və əlləri havada olan ekipaj üzvlərini nümayiş etdirib. Fotoşəkildə İsrail əsgərləri görünmür və bu səbəbdən hadisənin bəzi detalları hələlik müstəqil şəkildə təsdiqlənməyib.
Gəmi Qəzzaya ərzaq, dərman və digər həyati əhəmiyyətli ləvazimatları çatdırmaq məqsədilə yola çıxıb. İsrail tərəfi isə bu cür təşəbbüsləri “təhlükəsizlik riski” kimi qiymətləndirib və Qəzza blokadası çərçivəsində belə gəmiləri dayandıracağını əvvəlcədən bəyan edib.
Hadisə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və yaxın saatlarda əlavə reaksiyaların verilməsi gözlənilir.