İsrail on minlərlə ehtiyatda olan əsgərini orduya çağırıdı

İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatları gücləndirmək və genişləndirmək üçün on minlərlə ehtiyatda olan əsgərin orduya çağırıldığını elan edib. 

"Bizimxeber" bildirir ki, İsrail Müdafiə Qüvvələri (IDF) bildirir ki, girovları azad etmək və yaraqlıları məğlub etmək üçün Qəzza zolağında təzyiqlər artırılıb. Hərbçilər qeyd ediblər ki, ordu plana əsasən, HƏMAS-ın yeraltı və bütün yerüstü infrastrukturunu məhv etmək üçün yeni ərazilərdə fəaliyyət göstərəcək.

Beynəlxalq vasitəçilərin iştirakı ilə davam edən danışıqlarda tərəflər atəşkəs və 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra alınanlar arasında olan 59 israilli girovun geri qaytarılması ilə bağlı razılığa gələ bilməyiblər. Onlardan yalnız 24-nün sağ olduğu təxmin edilir.

Martın 18-də İsrail HƏMAS ilə iki aylıq barışıq rejimini pozaraq döyüşləri bərpa etdikdən sonra girovlar azad edilməyib. O vaxtdan bəri Qəzza zolağının böyük hissəsi İsrailin nəzarətinə keçib və bu yüzlərlə qaçqının yeni dalğasına səbəb olub.

İsrail Müdafiə Qüvvələrinin yenidən hücumları fonunda humanitar təşkilatlar kəskin qida, su və dərman çatışmazlığından danışır və bunu müharibə cinayəti sayıla biləcək “aclıq siyasəti” kimi qələmə verirlər. İsrail bunu inkar edir.

Yəməndə fəaliyyət göstərən və İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı əməliyyatına son qoyulmasını tələb edən iranyönlü husi qruplaşması, mayın 4-də, bazar günü İsrail hava limanlarına təkrar hücumlar edərək, İsraili hava blokadası ilə hədələyib.

Həmin gün, Huti raketi Təl-Əvivin Ben Qurion hava limanının terminalının yaxınlığında yerə düşüb. Altı nəfər yüngül xəsarət alıb. İsrailin baş naziri Benyamin Netanyahu daha sonra bildirib ki, İsrail husilərə qarşı əlavə zərbələr endirəcək.