İsrail Əsədi xilas etmək üçün göndərilən İran təyyarələrini ələ keçirib

İsrailin baş naziri Benyamin Netanyahu  maraqlı bir açıqlama ilə çıxış edib. 

O bildirib ki, ötən il İsrail döyüş təyyarələri Suriyaya doğru hərəkət edən İran təyyarələrini ələ keçirərək, o vaxt ciddi çətinliklərlə üzləşmiş prezident Bəşər Əsədə çatdırılacaq qoşunların qarşısını alıb.

Netanyahu bu açıqlamanı İsrail tərəfdarı olan Jewish News Syndicate tərəfindən təşkil olunan konfransda verib. Onun sözlərinə görə, İran Livanda Hizbullah qruplaşmasının İsrail qarşısında ağır itkilərə məruz qaldığını gördükdən sonra Əsədin hakimiyyətini qorumaq üçün bir və ya iki hava-desant diviziyası göndərmək istəyib. "Onlar Əsədi xilas etməli idilər," – deyə Netanyahu bildirib.

"Biz isə bunu dayandırdıq. Dəməşqə istiqamətlənən bəzi İran təyyarələrinə bir neçə F-16 göndərdik. Onlar geri döndülər". Netanyahu əlavə təfərrüat verməsə də, bu açıqlama İsrailin Suriyadakı vəziyyətə birbaşa təsirini və bölgədəki hərbi gedişatlara təsir etmək imkanlarını bir daha nümayiş etdirir.

Netanyahu həmçinin ötən ilin payızında baş vermiş digər bir hadisəyə də toxunub. O bildirib ki, İsrail Hizbullahın istifadə etdiyi yüzlərlə peycer və telsizi partladıb. Bu hücum, qruplaşmanın lideri Həsən Nəsrullaha qarşı planlaşdırılan sui-qəsddən bir neçə gün əvvəl həyata keçirilib.

"Mən dedim ki, biz bunu dərhal etməliyik," – deyə Netanyahu bildirib və əlavə edib ki, İsrail, Hizbullahın bəzi cihazları İrana sınaq üçün göndərdiyini öyrəndikdən sonra bu addımı atıb. 

Qeyd edək ki, ötən ilin noyabrında İsrail və Hizbullah arasında atəşkəs əldə olunub və bir ildən çox davam edən döyüşlərə son qoyulub. Hazırda İsrail qüvvələri Livanın cənubunda bəzi bölgələrdə yerləşməyə davam edir.