İspaniya və Portuqaliya bu gün gözlənilmədən irimiqyaslı elektrik enerjisi kəsintisi ilə üzləşib.
"Politico"nun məlumatına görə, yerli vaxtla saat 12:00 radələrində Pireney yarımadasının böyük hissəsi işıqsız qalıb. Xüsusilə Madrid və Lissabon kimi iri şəhərlərdə həyat iflic olub. İspaniyanın paytaxtında metro və şəhərətrafı qatarlar fəaliyyətini dayandırıb.
İspaniya elektrik şəbəkəsinin operatoru Red Electrica bildirib ki, kəsintidən dərhal sonra fövqəladə protokollar işə salınıb və elektrik enerjisinin bərpası üçün bütün resurslar səfərbər edilib. Problemin səbəbləri isə hələ də araşdırılır.
Portuqaliya polisi ölkənin bir çox bölgəsində işıqforların işləmədiyini, Lissabon və Portoda metro xətlərinin tamamilə bağlandığını, qatarların isə hərəkətsiz qaldığını açıqlayıb.
Vətəndaşlara təcili yardım xidmətlərinə yalnız həqiqətən zəruri hallarda müraciət etmək tövsiyə olunub, çünki xidmətlər artıq çoxsaylı zənglərlə yüklənib.
Xatırladaq ki, bu cür irimiqyaslı kəsintilər Avropada son dövrlərdə artıb. 2024-cü ilin iyununda Balkan ölkələri oxşar böhran yaşamış, bu ilin martında isə Londonda yarımstansiyada baş verən yanğın Hitrou hava limanının işini iflic etmişdi.
Hazırda İspaniya və Portuqaliyada enerjinin tam bərpası üzərində intensiv iş aparılır.