İran və ABŞ danışıqları üçün Oman seçildi

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq məqsədilə Omanın paytaxtı Maskata səfər edib. Heyətə nazir müavinləri Kazem Qaribabadi və Məcid Təxt-Rəvançi, digər yüksək vəzifəli diplomatlar, eləcə də Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi daxildir.

Aprelin 12-də ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff da Maskata gəlib. Onun təyyarəsi Sankt-Peterburqdakı Pulkovo hava limanından havaya qalxaraq Oman paytaxtına enib.

"Biz hörmətli xarici işlər nazirinin müşayiəti ilə ən təcrübəli həmkarlarımızla birlikdə Maskata yollanırıq. İranın nüfuzunu və milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə etməkdə qərarlıyıq", – deyə İsmail Bəqayi sosial media hesabında bildirib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl açıqlamasında qeyd etmişdi ki, Tehranla birbaşa məsləhətləşmələr aparılır. O, Vaşinqtonun İranın nüvə proqramı məsələsinin diplomatik yolla həll olunacağına ümid etdiyini vurğulamışdı.

Bununla belə, İran tərəfi danışıqlar zamanı ABŞ-la nüvə sazişinə təsir etməyən heç bir məsələni müzakirə etmək niyyətində olmadığını bildirib. Omanın Məşvərət Şurasının rəhbəri Xalid Əl-Maavali ilə görüş zamanı İran parlamentinin vitse-spikeri Həmid-Rza Hacı Babai bu barədə açıqlama verib: “Hazırda digər mövzular ölkə rəhbərliyi üçün əhəmiyyət daşımır”.