İran “Qassem Basir” adlı yeni ballistik raketini sınaqdan keçirib. Bu barədə İranın rəsmi dövlət televiziyası IRIB məlumat yayıb.
"Bizimxeber" bildirir ki, İranın Müdafiə naziri general Əziz Nəsirzadə deyib ki, yeni raket 1200 kilometr məsafə qət edə bilir və hədəfi bir metr belə yayınmadan vurur. Nəsirzadənin sözlərinə görə, bu dəqiqlik GPS naviqasiya sistemindən istifadə edilmədən təmin olunub.
“Operations True Promise 1 və True Promise 2 təcrübəsindən istifadə edərək, bu raketi uğurla sınaqdan keçirdik. Raketlərimiz konkret hədəfi dəqiqliklə tapır və zərbə endirir”, – deyə nazir vurğulayıb.
Sınağın geosiyasi kontekstdə xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunur. General Nəsirzadə əlavə edib ki, əgər Vaşinqton və ya Təl-Əviv İran əleyhinə hərbi əməliyyata başlamaq qərarına gəlsə, İran ABŞ-ın bölgədəki hərbi bazalarına və qüvvələrinə zərbə endirəcəyini bəyan edib.
Xatırladaq ki, mart ayında İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) “raket şəhəri” adlandırılan yeni yeraltı raket bazasını ictimaiyyətə təqdim etmişdi. Həmin baza on kilometrlərlə uzanan yeraltı tunellərdən ibarətdir və yüksək dəqiqlikli raketlərin saxlanması üçün nəzərdə tutulub.