İranın Rusiyaya Fateh-360 qısa mənzilli ballistik raketləri üçün buraxılış qurğuları göndərməyə hazırlaşdığı barədə məlumatlar yayılıb. Əgər bu plan gerçəkləşərsə, bu, İran və Rusiya arasında hərbi əməkdaşlığın daha da dərinləşdiyini göstərəcək və Rusiyanın Ukraynaya qarşı müharibəsində yeni mərhələ başlaya bilər.
"Al Arabiya" yazır ki, Fateh-360 təxminən 120 km mənzilli bu raket sistemi Rusiyanın cəbhə xətti, hərbi obyektlər və sərhədə yaxın yaşayış məntəqələrinə dəqiq zərbələr endirməsini asanlaşdıracaq. Analitiklər qeyd edirlər ki, bu sistemin üstünlüyü tez buraxılış imkanı və qısa uçuş müddəti ilə bağlıdır.
Keçmişdə raketlər verilib, amma buraxılış qurğuları yox idi
Xatırladaq ki, 2023-cü ilin sentyabrında ABŞ mənbələri İranın Rusiyaya Fateh raketlərini göndərdiyini, lakin həmin partiyada buraxılış qurğularının olmadığını bildirmişdi. İndi isə Qərb təhlükəsizlik mənbələri bildirir ki, bu qurğuların təhvil verilməsi qaçılmazdır.
Hazırda bu buraxılış sistemlərinin raketlərlə birgə göndərilib-göndərilmədiyi, habelə Rusiya qüvvələrinin bu silah sistemindən istifadə edib-etmədiyi barədə rəsmi və açıq məlumat yoxdur. Rusiya və İran indiyədək rəsmi şəkildə bu əməkdaşlığı inkar ediblər.
Sülh səyləri üçün ciddi fəsadlar
Mütəxəssislər qeyd edirlər ki, raket sistemlərinin Rusiya əlinə keçməsi Ukrayna ilə bağlı sülh danışıqlarına mənfi təsir edə bilər. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə aparılan danışıqlarda Ukraynada atəşkəs və İranla ayrıca nüvə sazişi məqsədilə cəhdlər göstərilsə də, belə hərbi yardım planları bu cəhdləri təhlükə altına qoyur. İranın Rusiya ilə raket əməkdaşlığını nüvə müzakirələrindən ayırmağa çalışdığı görünür.
Əlavə olaraq, analitiklər bildirirlər ki, İran bu raketlər üçün istifadə etdiyi buraxılış qurğularını Avropa istehsalı olan kommersiya yük maşınlarına uyğunlaşdırmaq məcburiyyətində qalır. İndi isə Ukraynada yük maşınlarının böyük itkisi səbəbindən Rusiya da bu texniki adaptasiyanı özü yerinə yetirməli olacaq.
Ekspertlər Fateh-360 raketlərinin aşağı dəqiqlikli və yüngül döyüş başlıqlarına malik olduğunu desələr də, bu silahların Ukrayna üçün ciddi təhlükə yaratdığını vurğulayırlar.
Bu raketlərdən istifadə, Rusiyaya “İsgəndər” kimi daha bahalı raketləri ehtiyatda saxlamağa imkan verir və Ukraynanın elektrik şəbəkəsi kimi kritik infrastrukturlarına hücum imkanlarını artırır.