İran planlaşdırılan, lakin təxirə salınan görüşə baxmayaraq, Böyük Britaniya, Almaniya və Fransa (Aİ3) ilə nüvə proqramı üzrə danışıqlara hazır olduğunu bəyan edib.
"Bizimxeber" bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, Romada siyasilərin görüşü mayın 2-də baş tutmalı idi, lakin tərəflərin qarşılıqlı razılığı ilə təxirə salınıb. “Biz dialoqa hazırıq, sadəcə olaraq yeni tarix barədə razılığa gəlməliyik”, – deyə Bəqayi mətbuat konfransında bildirib.
Eyni zamanda, Omanın xarici işlər naziri Bədr əl-Busaidi mayın 3-nə planlaşdırılan İran–ABŞ danışıqlarının da logistik səbəblərdən təxirə salındığını açıqlayıb. Hələlik yeni tarix müəyyən edilməyib.
Bu səbəbdən Fransanın xarici işlər naziri Jan-Noel Barrot da İran ilə Aİ3 arasında həmin həftəyə planlaşdırılmış görüşün rəsmən ləğv edildiyini bildirib.
Xatırladaq ki, İran və “altılıq ölkələri” (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa) arasında nüvə sazişi 2015-ci ildə imzalanıb. Sazişə əsasən, İran nüvə fəaliyyətlərini məhdudlaşdırmaqla əvəzində beynəlxalq sanksiyaların ləğvini təmin etməli idi.
Lakin 2018-ci ildə ABŞ prezidenti Donald Tramp bu razılaşmadan çıxdı və İrana qarşı sanksiyaları bərpa etdi. Cavab olaraq, Tehran da uran zənginləşdirmə və digər nüvə öhdəliklərindən mərhələli şəkildə geri çəkilməyə başladı.