İran ABŞ-la müvəqqəti razılaşma istəmir

Tehran və Vaşinqton arasında aparılan danışıqların beşinci raundu İranın nüvə proqramı ilə bağlı mühüm bir məsələni - müvəqqəti razılaşma ehtimalını gündəmdən kənarda saxladı.

"Bizimxeber" bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bunu rəsmi şəkildə bəyan edib və əlavə olaraq bildirib ki, hazırda ABŞ ilə belə bir razılaşma Tehranın gündəliyində yoxdur.

ABŞ tərəfi, İranın uranı zənginləşdirməsini tamamilə dayandırmasını tələb edir. Lakin bu tələb İranın daxili siyasi və təhlükəsizlik strategiyaları ilə birbaşa ziddiyyət təşkil edir. Ali dini lider Əli Xamenei bu tələbi “səhv” adlandıraraq, razılığın əldə olunmasına olan inamın azaldığını bildirib.

Digər tərəfdən, Tehran uran zənginləşdirmə səviyyəsini azaltmaq və nüvə fəaliyyətlərinə daha çox beynəlxalq nəzarətə imkan yaratmaq istiqamətində müəyyən siqnallar göndərir. Bu, İranın nüvə proqramının dinc məqsədlər daşıdığını nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər.