İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların beşinci raundu keçirilir. Lakin bu danışıqlara ümidlə yox, ciddi şübhələrlə baxılır.
"Bizimxeber" CNN-ə istinadən bildirir ki, Tehran Vaşinqtonun uranın zənginləşdirilməsi proqramını tamamilə dayandırmaq tələbinin qəsdən razılaşmanın pozulmasına yönəldiyini düşünür.
İki etibarlı İran mənbəsinin CNN-ə verdiyi məlumata görə, İran tərəfinin danışıqlarda iştirakı, əslində, sadəcə ABŞ-ın son mövqeyini qiymətləndirmək məqsədi daşıyır. Yəni real razılaşma gözləntisi yoxdur.
“Mətbuatda verilən bəyanatlar və ABŞ nümayəndələrinin danışıqlardakı davranışları Tehranda ciddi narahatlıq yaradıb. Onların fikrincə, Vaşinqton İranda uranın sıfır səviyyədə zənginləşdirilməsinin mümkün olmadığını bildiyi halda, bunda israr etməsi, əslində razılaşma istəmədiyinin göstəricisidir. ABŞ sadəcə danışıqlardan siyasi təzyiq vasitəsi kimi istifadə edir”, – deyə mənbələr bildiriblər.
İran rəsmiləri bildirirlər ki, Donald Tramp administrasiyası dövründə pozulan etimad, hələ də bərpa olunmayıb. Əksinə, hazırkı proseslər həmin dalana dirənmiş müzakirələrin davamı kimi dəyərləndirilir.