İran-ABŞ danışıqları Romaya köçürülür - Oman yenə vasitəçidir

Bu həftə sonu İran və ABŞ arasında uzun müddətdir davam edən nüvə müzakirələrinin növbəti raundu Romada keçiriləcək. İran dövlət televiziyası xəbəri təsdiqləyib və beləliklə, danışıqların harada baş tutacağı ilə bağlı yaranan qeyri-müəyyənliyə aydınlıq gətirilib.

İran Prezidenti Məsud Pezeşkian, 2015-ci ildə əldə olunan nüvə sazişinin əsas fiqurlarından biri, keçmiş vitse-prezident Məhəmməd Cavad Zərifin istefasını rəsmi şəkildə qəbul etdiyini elan edib. Bu, həm də Pezeşkianın administrasiyasında strateji istiqamətlərin dəyişdiyinə işarə kimi dəyərləndirilir. Onun yerinə hüquqşünas və siyasi mötədil kimi tanınan Möhsün İsmaili təyin olunub.

Bu arada MAQATE-nin rəhbəri Rafael Qrossi də Tehrana səfər edib. Onun bu səfəri İranın nüvə obyektlərinə girişə qoyduğu məhdudiyyətlər fonunda baş tutur. Qrossi X sosial platformasında bildirib ki, “diplomatiyanın təcili ehtiyac duyulduğu bir vaxtda İranın nüvə proqramının sülhməramlı xarakteri ilə bağlı etibarlı zəmanətlərə ehtiyac var”.

Danışıqların texniki tərəfləri qədər siyasi fonu da olduqca gərgindir. ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə razılığa gəlinməzsə, İranın nüvə obyektlərinə qarşı hava zərbələri endirilə biləcəyi ilə hədələyib. İran isə cavab olaraq nüvə zənginləşdirmə səviyyəsini 60%-ə çatdırıb – bu isə silah səviyyəsinə çox yaxın göstəricidir

Xarici işlər naziri Abbas Əraqçi Qrossi ilə görüşdən sonra bildirib ki, İran MAQATE ilə əməkdaşlığa açıqdır, lakin təşkilatın obyektiv və qeyri-siyasi yanaşma nümayiş etdirməsini tələb edir:

"Bizim meylimiz Agentliyi siyasətdən uzaq tutmaq və texniki mandatına sadiq qalmaqdır."

Eyni zamanda Əraqçi ABŞ-ı ziddiyyətli mövqelər ortaya qoymaqda ittiham edib. ABŞ-ın Yaxın Şərq üzrə elçisi Steve Witkoff, ilkin razılaşmanın Obama dövründəki şərtlərə – yəni uranın zənginləşdirilməsinin 3,67%-ə endirilməsinə – əsaslana biləcəyini qeyd etmişdi. Ardınca isə Witkoff bildirib ki, yalnız Trampın razılaşması qəbul edilə bilər.

Əraqçi buna sərt cavab verərək vurğulayıb:“İranın zənginləşdirmə proqramı real və qəbul olunmuş bir məsələdir. Etimad qurmağa hazırıq, lakin zənginləşdirmənin özü müzakirə olunmayacaq.”

Maraqlı məqamlardan biri də Omanın bu danışıqlarda oynadığı vasitəçi roludur. Dövlət televiziyası Omanın şənbə günü Romada keçiriləcək görüşlərdə yenidən vasitəçi olacağını açıqlayıb.

Qeyd edək ki, keçən həftə də Oman sülh prosesində aktiv rol oynayıb.