Pakistanın sabiq baş naziri və Pakistan Tehreek-e-Insaf (PTI) partiyasının qurucusu İmran Xanın oğulları, Qasim və Süleyman Xan uzun müddətdir davam edən sükutu pozaraq, atalarının həbsdə saxlanılması ilə bağlı ilk dəfə ictimaiyyətə açıqlama veriblər.
"Bizimxeber" bildirir ki, qardaşlar deyib ki, İmran Xanın bu qədər uzun müddət dəmir barmaqlıqlar arxasında qalacağını heç vaxt təsəvvür etməmişdilər. “İşlər pisdən daha da pisə doğru gedir. Artıq çox az seçeneğimiz qalıb və qərara gəldik ki, susmamalı, danışmalıyıq. İctimaiyyət qarşısında çıxış etmək yeganə ümidimizdir,” – deyə Qasim Xan vurğulayıb.
“Atamız qeyri-insani şərtlərlə üzləşir”
Oğulları İmran Xanın həbsxanadakı vəziyyətinin ağır olduğunu, onun əsas insan haqlarından məhrum edildiyini qeyd ediblər. Qasim bildirib ki, atasına qarşı irəli sürülən bəzi ittihamlar hətta ölüm cəzası ilə nəticələnə bilər. “Bu, sadəcə siyasi mübarizə deyil, bu, onun həyatı və Pakistanın gələcəyi uğrunda mübarizədir,” – deyə o qeyd edib.
ABŞ-a çağırış: “Trampdan daha yaxşı kim diqqət yetirə bilər?”
İmran Xanın oğulları bildiriblər ki, atasının azadlığa buraxılması üçün beynəlxalq təzyiq yaratmağa çalışırlar. Xüsusilə ABŞ-a müraciət etdiklərini deyən qardaşlar, bu məsələdə prezident Donald Trampın diqqətini çəkməyə ümid etdiklərini də əlavə ediblər. “Trampdan daha yaxşı kim bu məsələyə diqqət yetirə bilər?” – deyə Qasim soruşub.
“Heç bir razılaşmaya getməzdi”
Sonda Qasim Xan bildirib ki, atasının azad edilməsi üçün bütün hüquqi yollar tükənib. Onlar indi beynəlxalq ictimaiyyətə, insan haqları təşkilatlarına və dünya liderlərinə səslənirlər. “Biz atamızı azad etmək və Pakistanda demokratiyanı bərpa etmək üçün mübarizə aparırıq. Onun azadlığı qarşılığında heç bir kompromisə getməyəcəyinə inanıram,” – deyə o bildirib.
İmran Xan 2023-cü ildən bəri müxtəlif ittihamlarla həbsdə saxlanılır. Onun tərəfdarları və beynəlxalq müşahidəçilər bu ittihamları siyasi motivli adlandırır. Oğullarının son açıqlamaları isə bu mübarizənin beynəlxalq mərhələyə keçəcəyindən xəbər verir.