İmamoğlunun məhkəməsi - "Məni qorxuda bilməzsiniz!"

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İstanbul Baş Prokuroru Akın Gürlek haqqında söylədiyi fikirlərə görə "terrorla mübarizədə vəzifəli şəxsləri təhdid etmək və hədəfə almaq" ittihamı ilə mühakimə olunduğu iş iyunun 16-sı saat 10:00-a təxirə salınıb.

Məhkəmə prosesi təhlükəsizlik səbəbi ilə Silivridə keçirilib.

Prokurorluq İmamoğlunun 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsini, səsvermə və seçilmək hüququndan məhrum edilməsini və dövlət vəzifələrində çalışmasına qadağa qoyulmasını tələb edir.

İmamoğlu məhkəmə zalına tünd göy kostyum və sürməyi qalstukla qatılıb. O, “Cinayət keçmişim yoxdur. Allaha şükür, təmizəm” deyərək ittihamlara cavab verib. O, müdafiəsində bildirib: “İstanbulun sahibi olduğunu düşünənlərə qarşı üç dəfə seçki qazandım. Mən terrorla bir araya gətiriləcək adam deyiləm. Məni qorxuda bilməzsiniz. Mənə baxan insan Türk bayrağını, Atatürkü və Türk millətini görür”.

İmamoğlu ifadəsində, prezidentliyə namizəd olması səbəbilə bu prosesin başladığını da vurğulayıb: “15,5 milyon səs almış bir adamam. Mən kanala, yalana, talana qarşıyam. Aztəminatlı insanlara gündə üç dəfə yemək verən bir bələdiyyə başqanıyam”.

Məhkəmə aralıq qərarı verərək işi 16 iyuna təxirə salıb.

Məhkəmə fasiləsində jurnalistlərlə danışan İmamoğlu bunları deyib:“Səhhətim yaxşıdır. Az yeyirəm, balanslı qidalanıram. Ailəmin vəziyyəti yaxşıdırsa, mən də yaxşıyam. Məhəmməd Esedin Quran tərcüməsi və Nazım Hikmətin şeirlərini oxuyuram. Gənclərin şeirləri mənə ilham verir.”