Trampın yeraltı sazişi: Ukrayna ABŞ-a yardımları faizlə qaytaracaq...

/BX LiveBLOG/

ABŞ prezidenti Donald Tramp administrasiyası, 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalına cavab olaraq Ukraynaya göstərilən yardımların geri qaytarılmasını nəzərdə tutan yeni bir razılaşmanı gündəmə gətirdi. "Yeraltı saziş" adlandırılan bu müqavilə Ukraynanın yeraltı sərvətləri və infrastruktur gəlirlərinin bir hissəsini ABŞ-a yönəltməyi nəzərdə tutur. 

Müqavilənin mətninə əsasən, Ukrayna 2022-ci ildən etibarən aldığı bütün büdcə, hərbi və humanitar yardımların tam dəyərini ABŞ-a qaytarmaq öhdəliyi götürür. Bu vəsait Amerika-Ukrayna Yenidənqurma və İnkişaf İnvestisiya Fonduna daxil ediləcək və "İlkin DFC (Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası) töhfəsi" statusu daşıyacaq.

Kiel İnstitutunun hesablamalarına görə, Ukraynanın qaytarmalı olduğu məbləğ 123 milyard dollar civarındadır. Bu vəsaitin böyük hissəsi hərbi dəstək üçün istifadə olunub, o cümlədən Amerika istehsalçılarından silah sifarişləri və Pentaqonun ehtiyatlarının artırılması üçün xərclənib. 

Sazişə görə, Ukrayna qazancını heç bir komissiya olmadan ABŞ-ın müəyyən etdiyi hesablara köçürməlidir. Əsas gəlir mənbələri aşağıdakılardır:

Ukraynanın yeraltı sərvətlərinin işlənməsi üçün verilən bütün yeni lisenziyaların və icarə haqqının 50%-i;

İnfrastruktur obyektlərindən əldə edilən gəlirlərin 50%-i.

Razılaşma həmçinin nəzərdə tutur ki, Fondun bu investisiyalardan əldə etdiyi gəlirin 50%-i Ukraynadakı layihələrə yenidən yatırılacaq. 

Sazişə əsasən, Ukrayna ABŞ-a olan borcunu vaxtında ödəməyə borcludur. Əks halda, illik 4% artımla əlavə faizlər tətbiq olunacaq. Bu, o deməkdir ki, Kiyev borc ödənişlərini nə qədər gecikdirsə, daha çox vəsait ödəməli olacaq.

Ukrayna prezidenti Vladimir Zelenski əvvəlki açıqlamalarında ABŞ-dan alınan yardımın borc kimi qəbul edilməsinin mümkün olmadığını vurğulamışdı. Lakin bu yeni saziş Kiyev üçün əsas qırmızı xətlərdən birini pozur.

Fevralın 28-də bu saziş imzalanmağa hazır idi. Lakin Oval kabinetdə Zelenski və Tramp arasında ictimai mübahisə baş verdi və görüş ləğv edildi. Bununla belə, Ukrayna tərəfi ABŞ-ın təqdim etdiyi minerallar sazişinin yeni variantını parlamentdə ratifikasiya etməyə hazırlaşır.

Martın 27-də Zelenski bildirdi ki, hələlik ABŞ və Ukrayna arasında mineral ehtiyatlardan istifadə ilə bağlı yekun razılaşma əldə olunmayıb, lakin yaxın vaxtlarda bu sənədin Tramp administrasiyası tərəfindən imzalanması gözlənilir.

Ədil Hüseynov