"Qaqauz xalqı Türkiyənin müdaxiləsinə ehtiyac duyur"- Yevgeniya Qutsul

/BX LiveBLOG/

Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan onun saxlanılması ilə bağlı vəziyyətə müdaxilə etməsini istəyib.

"Bizimxeber" bildirir ki, o, Telegram kanalında qaqauz xalqının Türkiyə liderinin səsinə və nüfuzuna ümid bəslədiyini bildirib. 

"Əminəm ki, qaqauz xalqının öz muxtariyyətini, kimliyini və gələcəyini itirmək təhlükəsi ilə üzləşdiyi bu kritik məqamda Siz, cənab Prezident, və bütün qardaş Türkiyə xalqı biganə qalmayacaq. Biz sizin səsinizə, nüfuzunuza, beynəlxalq dəstəyinizə arxalanırıq," – deyə Qutsul müraciətində qeyd edib.

O, əlavə edib ki, "Ankaranın səsi" illər əvvəl sülh və ədalətin qorunmasına kömək edib və indi də qaqauz xalqı Türkiyənin müdaxiləsinə ehtiyac duyur.

Qeyd edək ki, bundan əvvəl Moldova Baş Prokurorluğu Yevgeniya Qutsulun Türkiyəyə uçmaq istədiyi zaman onun ölkədən çıxışına məhdudiyyət qoyulduğunu açıqlayıb. O, dörd saata yaxın Kişinyov hava limanında saxlanılıb və istintaq təcridxanasına aparılıb.

Qaqauziyada vəziyyətin gərginləşməsi fonunda İcraiyyə Komitəsinin binası qarşısında Qutsulun saxlanılmasına qarşı aksiya keçirilib. İctimai xadim Mixail Vlah yerli sakinləri siyasətçini dəstəkləməyə çağırıb. O, qaqauz xalqının dözümlü olduğunu və təzyiqlərə boyun əyməyəcəyini bildirib. Vlahın sözlərinə görə, Qutsulun həbsi təkcə bir siyasətçinin deyil, bütövlükdə regionun azadlığının məhdudlaşdırılmasıdır və Moldova hakimiyyətinin bu tədbirləri uğursuzluqla nəticələnəcək.

Hələlik Türkiyə hakimiyyəti Qutsulun çağırışına rəsmi cavab verməyib. Bununla belə, Türkiyə uzun illərdir qaqauzlarla mədəni və siyasi əlaqələr saxlayır və Ankaranın bu hadisəyə münasibət bildirəcəyi gözlənilir. /Bizimxeber - Live BLOG/