“İlon Mask dünyanın ən kasıb uşaqlarını öldürür” - Bill Qeyts

Məşhur milyarder və xeyriyyəçi Bill Qeyts “Financial Times”a müsahibəsində İlon Maskı beynəlxalq yardımların azalmasına səbəb olmaqda və bununla da “dünyanın ən kasıb uşaqlarının ölümünə səbəb olmaqda” ittiham edib. Qeytsin fikrincə, Mask ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) kimi qurumların necə işlədiyini və onların əsas məqsədlərini anlamır.

Qeyts bildirib ki, Maskın rəhbərlik etdiyi Dövlət Effektivliyi Departamenti (DOGE) USAID-in proqramlarının ixtisarına səbəb olub. Bu isə bir çox yoxsul regionlarda ərzaq və dərman çatışmazlığına, nəticədə aclıq və yoluxucu xəstəliklərin – o cümlədən qızılca, İİV və poliomielitin artmasına yol aça bilər.

Qeyts əlavə edib ki, bu qərarlar nəticəsində Motsambikdə analardan uşaqlara İİV yoluxmasının qarşısını almağa çalışan bir xəstəxana artıq ABŞ-dan qrant almır. Onun sözlərinə görə, bu proqram DOGE rəhbərinin “Birləşmiş Ştatların Qəzza zolağında HƏMAS döyüşçülərinə kontraseptivlər göndərdiyi” yönündə yanlış düşüncəsi səbəbindən ləğv olunub.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan etmişdi ki, İlon Mask Ağ Evdəki fəaliyyətinə cəmi yarımillik bir planla başlamışdı. Onun sözlərinə görə, Mask bu müddətdən sonra hökumətdə çalışsa da, Vaşinqtona daha az səfər edəcək.