İdxal-ixrac əməliyyatları hər bir ölkənin iqtisadi təhlükəsizliyində və büdcə gəlirlərinin təmin olunmasında əsas sahələrdən biridir. Bu sistemin effektiv işləməsi təkcə iqtisadi deyil, həm də sosial ədalət baxımından vacib əhəmiyyət kəsb edir. Xarici ticarət siyasətinin düzgün tənzimlənməsi həm yerli istehsalçının qorunmasına, həm də dövlətin maliyyə dayanıqlığının təmin olunmasına xidmət edir. Təəssüf ki, Azərbaycanda bu sistem illərdir bir formal strukturdan o tərəfə keçə bilmir.
İdxal-ixrac sahəsinə nəzarət funksiyası hazırda İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin səlahiyyətindədir və qurumun rəhbəri Azər Məmmədovdur. Lakin idarənin fəaliyyəti ilə bağlı uzun müddətdir davam edən müzakirələr bu strukturun səmərəli fəaliyyət göstərmədiyi anlamı yaradır.
Ekspertlərin və iqtisadçıların fikrincə, idarə nəzarət mexanizmini zəif həyata keçirir, bu da bəzi imtiyazlı şirkətlərə imkanlar açır.
Rəqəmlər də bu iddiaları təsdiqləyir: illərlə gömrük sistemindən sui-istifadə edən şirkətlər, milyonlarla manat dəyərində büdcə itkisi və rəsmi cavabsızlıq. Əgər ciddi nəzarət sistemi mövcud olsaydı, eyni şirkətlər hər il eyni qanunsuz fəaliyyətlərlə yadda qalmaz, ictimaiyyət isə daim bu pozuntularla üz-üzə qalmazdı.
Məsələ yalnız iqtisadi sahədə deyil, eyni zamanda sosial və hüquqi sferada da zərərli nəticələr doğurur. Qanunlara əməl edən, şəffaf işləməyə çalışan sahibkarların bazarda mövqeyi zəiflədilir, rəqabət pozulur, dövlətin imtiyazlı çevrəyə yaxın olanlara qeyri-rəsmi dəstək verdiyi görüntüsü yaranır. Bu isə ictimai etimadı ciddi zədələyir.
İdxal-ixrac nəzarətində real sistem necə qurulmalıdır? Bu sualın cavabını artıq bir sıra ölkələr praktiki şəkildə verib. Məsələn, Gürcüstan gömrük və xarici ticarət əməliyyatlarını tam rəqəmsallaşdıraraq bütün məlumatları açıq platformalarda ictimaiyyətin istifadəsinə təqdim edir. Qazaxıstanda isə Dünya Bankının texniki dəstəyi ilə hazırlanmış elektron gömrük sistemləri vasitəsilə əməliyyatlara dair hər bir məlumat real vaxtda izlənilir, pozuntular dərhal müəyyən olunur. Bu ölkələrdə nəinki idarə daxilində, həm də xaricdən, beynəlxalq auditorlar və ictimai qurumlar vasitəsilə sistemli monitorinq həyata keçirilir. Ən əsası, bu proseslərə media da qoşulur.
Azərbaycanda isə gömrük və idxal-ixrac sisteminə dair məlumatlar ya ümumiyyətlə açıqlanmır, ya da yarımçıq, kontekstdənkənar təqdim olunur. İllərlə idarəyə rəhbərlik edən şəxslər və onların fəaliyyətləri isə nə ictimai, nə də hüquqi müstəvidə sorğulanmır. Bu isə ciddi suallar doğurur: Niyə bu qədər pozuntuya baxmayaraq, heç kim məsuliyyətə cəlb edilmirlər? Niyə qanunlar yalnız sıravi sahibkara tətbiq olunur, “seçilmişlərə” yox...
Azərbaycanda idxal-ixrac nəzarət sisteminin işləməsi üçün ilk növbədə bu sahəyə rəhbərlik edən şəxslər dəyişdirilməli, sistemə texniki yox, siyasi iradə ilə müdaxilə olunmalıdır. Yeni rəhbərlik yalnız peşəkar və qrup maraqlarından uzaq insanlar arasından təyin edilməlidir. Eyni zamanda, əməliyyatlar tam rəqəmsallaşdırılmalı, bütün məlumatlar onlayn və ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır. Yəni, hər şey yenidən qurulmalıdır, yenidən başlanmalıdır.
İctimai iştirakçılıq olmadan şəffaflıq mümkün deyil. Medianın, vətəndaş cəmiyyətinin, sahibkar birliklərinin sistemə nəzarəti üçün hüquqi mexanizmlər yaradılmalıdır. Monitorinq və hesabatlılıq mexanizmi təkcə daxili yoxlama orqanları ilə məhdudlaşmamalı, müstəqil auditor və jurnalistlər də bu prosesə cəlb olunmalıdır.
Ən vacibi, bu sistemin illərlə toxunulmaz qalmış “seçilmiş şirkətlərə” münasibəti dəyişməlidir. Əgər bu strukturlar pozuntuya yol verirsə, onlar dərhal cəzalandırılmalı və adları ictimaiyyətə açıqlanmalıdır. Əks halda, ictimai inamsızlıq daha da dərinləşəcək və nəzarətsizlik davam edəcək.
İdxal-ixrac nəzarəti sadəcə statistik göstərici deyil, bu, iqtisadi ədalətin, dövlət maraqlarının və sosial bərabərliyin təmin olunması üçün vacib bir alətdir. Əgər bu sistem şəxsi maraqlara xidmət edirsə, onun ləğv edilməsi və ya köklü şəkildə yenidən təşkili zəruridir. Dövlətin gələcəyi statistik qrafiklərdə deyil, real şəffaflıqda və ədalətdə ölçülür. Azərbaycanda bu sistemin işləməsi yalnız bir şərtlə mümkündür: islahat, imitasiya yox, məzmunlu və əsl dəyişikliklər əsasında həyata keçirilməlidir.