İdxal-ixrac nəzarəti kimə həvalə olunmalıdır? - İslahat vaxtıdır...

Azərbaycanda gömrük sistemində uzun illərdir həllini tapmayan, lakin hər kəsin bildiyi bir problem var: ölkə iqtisadiyyatına ziyan vuran və sahibkarları çıxılmaz vəziyyətə salan formal MMC-lər, daha dəqiq desək, heç bir real istehsal və xidmət fəaliyyəti göstərməyən “təkadamlıq şirkətlər”.

Bu şirkətlər əsasən idxal-ixrac əməliyyatlarında vasitəçi kimi iştirak edir və vergi öhdəliklərindən yayınmaq, həmçinin maxinasiyalarında iştirak etmək üçün yaradılır.

Ən təəssüf doğuran məqamlardan biri odur ki, bu şirkətlərin fəaliyyətinə nəzarət birbaşa vəzifəsi olan Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsi illərdir passivlik nümayiş etdirir. Mövzu ilə bağlı media orqanlarında dəfələrlə ciddi tənqidi məqalələr dərc olunsa da, nəticə dəyişmir - sistem eyni vəziyyətdə qalır, qeyri-real iqtisadi aktorlar isə maliyyə təhlükəsizliyinə təhdid yaratmağa davam edirlər.

Ölkəmizdə İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin struktur bölməsi kimi fəaliyyət göstərir. Onun əsas funksiyalarına gömrükdən keçən malların monitorinqi, sənədlərin yoxlanması, vergi öhdəliklərinin müəyyən olunması və idxal-ixrac rejiminə uyğunluğun təmin edilməsi daxildir.

Lakin real vəziyyət göstərir ki, idarə bu funksiyaları yalnız formal şəkildə icra edir. Belə ki, saxta MMC-lərin sərbəst şəkildə idxal-ixrac əməliyyatları aparması, heç bir iqtisadi məntiqə uyğun olmayan qiymətlərlə fakturaların tərtib edilməsi, gömrük sənədlərindəki manipulyasiyalar bu qurumun faktiki olaraq “görmədiyi” və ya “görmək istəmədiyi” hallardır.

İqtisadçılar və fiskal siyasət üzrə ekspertlər qeyd edirlər ki, bu cür mühüm nəzarət funksiyasının Dövlət Vergi Xidmətinin strukturunda qalması, onun müstəqil və effektiv fəaliyyətini çətinləşdirə bilər. Çünki Vergi Xidməti bir tərəfdən vergi yığımı ilə məşğuldursa, digər tərəfdən həmin vergi bazasının formalaşmasına nəzarət etməlidir. Bu isə maraqların toqquşmasına, qeyri-effektiv nəzarətə səbəb ola bilər.

Əksər ekspertlərin fikrincə, bu idarənin birbaşa Maliyyə Nazirliyinin nəzarətinə verilməsi, həm fiskal siyasətin koordinasiyası, həm də beynəlxalq təcrübəyə uyğunluq baxımından daha məntiqli olardı. Belə struktur dəyişikliyi nəinki inzibati çevikliyi artırar, həm də maliyyə nəzarətində şəffaflıq və hesabatlılığı təmin edərdi.

Beynəlxalq təcrübə nə deyir?

Bir çox inkişaf etmiş ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət birbaşa Maliyyə Nazirliyinin tabeliyində olan müstəqil qurumlar tərəfindən həyata keçirilir. ABŞ-da bu sahəyə nəzarəti Maliyyə Nazirliyinə tabe olan OFAC (Foreign Assets Control) və Customs and Border Protection həyata keçirir. Almaniyada gömrük və idxal-ixrac əməliyyatları Federal Maliyyə Nazirliyinin tabeliyindəki Gömrük İdarəsi vasitəsilə həyata keçirilir. Fransada bu sahəyə İqtisadiyyat və Maliyyə Nazirliyi nəzarət edir və xüsusi gömrük idarəsi (DGDDI) vasitəsilə sistem koordinasiya olunur. Yaponiya və Cənubi Koreyada da oxşar modellər tətbiq edilir və bütün idxal-ixrac əməliyyatları maliyyə və iqtisadiyyat nazirliklərinin birbaşa nəzarətində həyata keçirilir.

Bu ölkələrdə əsas prinsip budur: idxal-ixrac nəzarəti fiskal siyasətin ayrılmaz hissəsidir və bu səbəbdən birbaşa maliyyə orqanları tərəfindən tənzimlənir.

Azərbaycanda islahat zərurəti...

Azərbaycanın vergi və gömrük sistemində son illərdə müəyyən texnoloji və inzibati islahatlar həyata keçirilsə də, strukturlar arasında funksional təkrarlanmalar və ziddiyyətlər hələ də qalmaqdadır. Buna görə də, idxal-ixrac nəzarəti sahəsində vahid, ixtisaslaşmış və şəffaf bir nəzarət mexanizminin yaradılması, həm də bu funksiyanın Maliyyə Nazirliyinin tabeliyində olan strukturun səlahiyyətinə verilməsi məqsədəuyğun ola bilər.

İdxal-ixrac əməliyyatlarına nəzarət yalnız texniki və inzibati proses deyil, bu, eyni zamanda ölkənin maliyyə təhlükəsizliyinin, fiskal intizamın və beynəlxalq ticarət öhdəliklərinə əməl olunmasının təminatıdır. Saxta şirkətlərə “yaşıl işıq” yandıran, real iqtisadiyyatı sıxışdıran və sahibkarı sistemdən uzaqlaşdıran yanaşmanın kökündə duran problemin əsas hissəsi fəaliyyət göstərməyən və fəaliyyətsizliyi görməyən qurumlardır.

İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin ya köklü şəkildə islahata mərus qalması,  ya da yeni qurumla əvəzlənməsi, Azərbaycanın iqtisadi sisteminin sağlamlaşdırılması baxımından vacib addım ola bilər. 

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəhbəri Azər Məmmədovdur.