Hyundai Rusiyada - Üç yeni ticarət nişanı qeydiyyata alındı

Cənubi Koreyanın məşhur avtomobil istehsalçısı Hyundai 2025-ci ilin may ayında Rusiyada eyni vaxtda üç yeni ticarət nişanını, Hyundai ix10, Hyundai ix40 və Hyundai ix50-ni qeydiyyatdan keçirib. 

Bu barədə Rospatentin mətbuat xidməti məlumat yayıb. 

Sözügedən ticarət nişanları Mal və xidmətlərin beynəlxalq təsnifatının 12-ci sinfi üzrə qeydiyyatdan keçib.

Bu sinfə avtomobillər, onların ehtiyat hissələri və aksesuarları daxildir. Yeni ticarət nişanlarının qeydiyyatı Hyundai şirkətinin Rusiyada öz brend hüquqlarını qorumağa maraqlı olduğunu göstərir. Bu barədə "Onlayn Patent" şirkətinin baş direktoru Alina Akinşina açıqlama verib.

Hazırda Hyundai şirkəti Rusiya ərazisində minik avtomobilləri, yük maşınları, avtobuslar, traktorlar və digər nəqliyyat vasitələrinin istehsalı və satışı imkanına malikdir. Ticarət nişanları 2034-cü ilə qədər hüquqi qüvvədə olacaq.

Bundan əlavə, Rospatent Hyundai-nin təkərlər, amortizatorlar, mühərriklər və digər avtomobil komponentləri üzrə də bir neçə müraciətini təsdiqləyib.

Xatırladaq ki, yaxın günlərdə Ermənistanda 2014-cü il oktyabrın 10-dan sonra qeydiyyatdan keçmiş 339 model avtomobilin Avrasiya İqtisadi İttifaqı daxilində istifadəsinə qoyulmuş məhdudiyyət mayın 1-dən aradan qaldırılıb.