Yəmənin şimalını idarə edən Ənsar Allah hərəkatı adı ilə tanınan husilər, İsrailə qarşı tam hava blokadası tətbiq etdiklərini bəyan ediblər. Bu barədə husilərin silahlı qüvvələrinin rəsmi Telegram kanalında məlumat yayılıb.
Bəyanatda qeyd olunub ki, bu addım İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatları genişləndirməsi qərarına cavab olaraq atılıb: “Biz hava limanlarına, xüsusən də İsrailin Ben Qurion adlandırdığı Lod hava limanına dəfələrlə zərbələr endirərək blokadanı tətbiq edəcəyik. Bütün beynəlxalq aviaşirkətləri bu bəyanatın verildiyi andan etibarən təhlükəsizlik məqsədilə İsrailə uçuşları dayandırmağa çağırırıq”, – deyə husilərin açıqlamasında vurğulanır.
Bir gün əvvəl yayılan məlumatlara görə, İsrail ordusu Yəməndən atılan bir raketi ələ keçirməyə çalışıb, lakin Ben-Qurion hava limanı bu zaman yaranan dağıntılar səbəbilə müvəqqəti bağlanıb.
Ənsar Allah hərəkatının lideri Əbdülməlik əl-Husi daha əvvəl dəfələrlə xəbərdarlıq etmişdi ki, əgər Qəzzanın blokadası davam edərsə, hərəkat Qırmızı və Ərəb dənizlərində İsraillə əlaqəli gəmilərə qarşı hərbi əməliyyatları bərpa edəcək.