Pakistanın informasiya naziri Attaullah Tarar bəyan edib ki, Hindistan yaxın 24-36 saat ərzində Pakistana qarşı hərbi əməliyyata başlaya bilər. Nazir bu barədə özünün sosial media hesabında paylaşım edərək bildirib ki, belə bir addımın bütün nəticələri və məsuliyyəti tam şəkildə Hindistanın üzərində olacaq.
Tararın sözlərinə görə, Hindistan hökuməti Pahalqamdakı son insidenti hərbi müdaxiləyə bəhanə kimi istifadə etməyi planlaşdırır. O, Pakistanın təxribat xarakterli istənilən hücuma qətiyyətli cavab verməyə tam hazır olduğunu vurğulayıb.
Bundan öncə Pakistanın müdafiə naziri Xavaca Asif də beynəlxalq ictimaiyyəti xəbərdar edərək bildirmişdi ki, Hindistanla münasibətlərdə artan gərginlik nüvə münaqişəsi riski yaradır. Onun sözlərinə görə, regionda sülh və təhlükəsizliyə ciddi təhdidlər mövcuddur və dünya bu təhlükəni ciddiyə almalıdır.
Gərginliyin artdığı bir vaxtda Pakistan tərəfi Hindistanla mümkün silahlı qarşıdurmaya hazır olduqlarını bir daha bəyan edib. Rəsmi şəxslər, hətta sosial şəbəkələrdə Hindistana qarşı raket imkanlarını nümayiş etdirən fotolar və hərbi mesajlar yayıblar.
Bununla yanaşı, Hindistan tərəfi də sərt addımlar atmaqda davam edir. Son məlumatlara görə, Hindistan Hind çayının Pakistan istiqamətində axınını bağlayıb. Çayın axınına nəzarət edən bütün şlüz darvazaları bağlanıb, bu da əlavə ekoloji və humanitar narahatlıqlar yaradıb.
Ekspertlər hesab edirlər ki, iki nüvə silahına sahib ölkə arasında belə bir qarşıdurma ehtimalı bölgə və dünya üçün genişmiqyaslı təhlükə yarada bilər.
Bu arada verilən məlumata görə, Hindistan və Fransa təxminən 7,3 milyard dollar dəyərində 26 ədəd Rafale dəniz təyyarəsinin tədarükü üçün müqavilə imzalayıb, Bu barədə Hindistan Müdafiə Nazirliyi sosial mediada bildirib. Razılaşmanın bir hissəsi olaraq Hindistan ordusu 22 tək yerlik daşıyıcı əsaslı qırıcı və dörd iki yerlik Rafale-D təlimçisi alır.
İmzalanma mərasimində Hindistanın müdafiə naziri Racnath Singh və Fransanın müdafiə naziri Sebastien Lecornu iştirak ediblər. Qeyd olunur ki, saziş əhəmiyyətli texnologiyalar transferini, dəstəkləyici infrastrukturun yaradılmasını və Hindistanda füzelaj istehsalının lokallaşdırılmasını nəzərdə tutur.