Hindistan və Pakistan atəşkəsi mayın 18-dək uzadıb

Cənubi Asiyada iki nüvə silahlı qonşu olan Hindistan və Pakistan arasında müvəqqəti atəşkəsin müddəti mayın 18-dək uzadılıb. Bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib. Onun sözlərinə görə, atəşkəs qərarı iki ölkənin hərbi komandirləri arasında telefon danışığı nəticəsində əldə olunub.

“Hindistan hazırdırsa, biz də atəşkəsə hazırıq. Müzakirələr nəticəsində əvvəlcə mayın 12-dək, sonra 14-dək, indi isə mayın 18-dək uzadılıb,” – deyə Dar bəyan edib. O həmçinin qeyd edib ki, Pakistan bu mərhələdəki uğurlarını “silahlı qüvvələrin şücaəti” ilə əlaqələndirir.

Digər tərəfdən, Hindistanın baş naziri Narendra Modi ölkəsinin hərbi üstünlüyünü xüsusi vurğulayıb. Onun sözlərinə görə, Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri Pakistanla qarşıdurmada həlledici rol oynayıb. Modi qeyd edib ki, Hindistan artıq Pakistanın müqavimət göstərə bilməyəcəyi “qabaqcıl texnologiyalara” malikdir. “Hərbi Hava Qüvvələrimiz və ordunun digər hissələri dünyanın ən yaxşı texnologiyalarını mənimsəyib,” – deyə Modi əlavə edib.