Hindistan ordusu Pakistan və Pakistanın nəzarətində olan Cammu və Kəşmir ərazisində yerləşən terror infrastrukturuna qarşı hava zərbələri endirib. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə 9 obyekt vurulub. Bu obyektlərdən Dehliyə qarşı planlaşdırılan və istiqamətləndirilən terror hücumlarının təşkil edildiyi bildirilir.
Əməliyyat “Sindoor” adlandırılıb və Hindistan rəsmiləri bildiriblər ki, hücumlar Pakistanın hərbi obyektlərinə deyil, yalnız terrorla əlaqəli hədəflərə yönəlib. Nazirlik açıqlamasında hücumların “məqsədyönlü, ölçülüb-biçilmiş və gərginliyi artırmayan” xarakter daşıdığını vurğulayıb.
Bu hücum Hindistanla Pakistan arasında son günlər artan gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilir. Yaxın keçmişdə Hindistan hökuməti Hind çayının Pakistan istiqamətində axınına nəzarət edən dörd əsas şlüzü bağlamış və bu, 1960-cı ildən bəri ilk belə hadisə olmuşdu. Hadisə iki ölkə arasında mövcud su paylaşımı razılaşmalarını yenidən mübahisə mövzusuna çevirmişdi.
Pakistan tərəfi isə gərginlik fonunda Hindistanla silahlı qarşıdurmaya hazır olduqlarını bəyan edib. Ölkənin hərbi qurumları Hindistana qarşı sərt ritorikaya keçərək, dərc etdikləri raket şəkilləri ilə xalqı birliyə çağırıb və bu “birliyi yaratdığı üçün” Hindistanın baş naziri Narendra Modiyə ironik təşəkkür ediblər.
Hazırda beynəlxalq ictimaiyyət hər iki tərəfi təmkinli olmağa çağırır və bölgədə vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışır.