Hindistan hökuməti Pakistanla sərhəddə yaranmış gərginlik səbəbindən müvəqqəti bağlanmış 32 mülki hava limanında uçuşların bərpa edildiyini açıqlayıb. Bu barədə News18 telekanalı məlumat yayıb.
Uçuş məhdudiyyətləri mayın 9-dan qüvvəyə minmişdi. Şimal və qərb bölgələrində yerləşən hava limanlarında təhlükəsizlik səbəbindən mülki aviasiyaya qadağa qoyulmuşdu. Rəsmilər bildirir ki, vəziyyətin sabitləşməsi ilə əlaqədar qadağalar ləğv edilib və hava limanları tam fəaliyyətə başlayıb.
Hindistanın Hava Limanları İdarəsi və digər aviasiya orqanları tərəfindən hava hərəkəti işçilərinə (NOTAM) müvafiq bildirişlər göndərilərək, uçuşların yenidən başladığı elan olunub.
Qeyd edək ki, Hindistan və Pakistan arasında zaman-zaman gərginlik yaşanır və bu, xüsusən sərhədyanı ərazilərdə hava və torpaq nəqliyyatına təsir göstərir. Son vəziyyətlə bağlı rəsmi mənbələr təhlükəsizliyin təmin olunduğunu və mülki aviasiyanın normal fəaliyyətə qayıtdığını bildiriblər.