Hər yağışda eyni problemlər - Bakı və ətraf ərazilər su altında qaldı - VİDEO

Ötən gündən etibarən paytaxt Bakı və ətraf ərazilərdə müşahidə olunan intensiv yağış və güclü külək ciddi fəsadlara yol açıb. Yağıntı və külək bir sıra sosial və nəqliyyat infrastrukturuna, həmçinin əmlaklara ziyan vurub.

***
Bakıdakı “Sədərək” Ticarət Mərkəzi yağan yağış səbəbilə yenə su altında qalıb. Ticarət obyektləri və ara yolların bir hissəsinə su ilə dolub. Satıcılar və müştərilər böyük çətinliklərlə üzləşiblər. Hazırda ərazidə təmizlik və suyun çəkilməsi istiqamətində tədbirlər görülür.

sumqayitda-avtomobiller-yagis-sularinda-batdi

***
Şəhərdə nəqliyyatın əsas hərəkət nöqtələrindən biri olan Bağırov körpüsündə də həmişəki kimi ciddi problem yaşanıb. Yağış suları keçidə dolduğu üçün burada hərəkət tamamilə dayanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və suyun çəkilməsi üçün işlərə başlanılıb. Qeyd edək ki, Bakıya yağan yağışlar zamanı sözügedən körpü tamamilə su altında qalır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu problemi həll edə bilmir və hər səfərində yalan vədlər verir. Bu körpüdə subasma zamanı 2 nəfər boğularaq dünyasını dəyişmişdi.

***
Təbii fəlakətin digər bir təsiri isə şəhərin yaşıllıqlarına dəyib. Güclü külək nəticəsində Bakı şəhərində 55 ağac aşıb, 15-dən çox ağacın isə budaqları qırılıb. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məlumatına görə, bu hadisələrə cavab olaraq əməkdaşlar gücləndirilmiş iş rejiminə keçib, ərazilərdən qırılan ağaclar yığışdırılıb, zədələnmiş budaqlar budanıb.

***dovlet-orqanlari-herekete-kecdi
Yağıntı Sumqayıt şəhərində də ciddi fəsadlar yaradıb. Şəhərin bir sıra küçələrinə yağış suları dolub, piyadaların və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi avtomobillərin  suda batdığı aydın görünür. Sakinlər sel sularının qarşısını almaqda çətinlik çəkdiklərini bildirirlər. Sistemsiz və keyfiyyətsiz çəkilən yollar çöküb, küçələr kanalizasiya xəttləri olmadığı üçün su altında qalıb.

Hazırda həm Bakı, həm də Sumqayıt şəhərlərində aidiyyəti qurumlar ərazilərdə təmizləmə və bərpa işlərini davam etdirir. Hava şəraitinin bir neçə gün ərzində dəyişkən keçəcəyi proqnozlaşdırılır.