Korrupsiya istintaqı çərçivəsində saxlanılaraq Silivri Həbsxanasında həbsdə saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və eyni zamanda CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun ilk həbsxana fotosu ictimaiyyətə təqdim olunub.
Odatv-nin yaydığı məlumata görə, İmamoğlu ailə üzvləri ilə açıq görüş zamanı bir araya gəlib.
Görüşdə həyat yoldaşı Dilek İmamoğlu, oğlu Mehmet Səlim İmamoğlu və qızı Beren İmamoğlu iştirak ediblər. Həmçinin fotoda İmamoğlunun valideynləri, anası Hava İmamoğlu və atası Həsən İmamoğlu da yer alıb. Bacısı Neslihan Yakupçebioğlunun da görüş zamanı orada olduğu qeyd edilib.
Bu görüntülər İmamoğlunun ailəsi ilə emosional və dəstəkləyici bir an yaşadığını ortaya qoyur və ictimaiyyətin diqqətini bir daha onun ətrafında cərəyan edən proseslərə yönəldir.
Qeyd edək ki, 11 aprel tarixində Əkrəm İmamoğlunun məhkəmədə, hakim qarşısındakı görüntüləri də yayılmışdı. Bu görüntü də ölkə gündəmində böyük rezonans doğurmuş, siyasi və ictimai dairələrdə geniş müzakirələrə səbəb olmuşdu.
İmamoğlunun həbsi və barəsindəki istintaq Türkiyədə həm hüquqi, həm də siyasi müstəvidə diqqətlə izlənməkdədir. CHP başda olmaqla, bir çox müxalifət nümayəndəsi bu prosesi siyasi motivli bir addım kimi dəyərləndirir.