Harvard Universiteti ABŞ prezidenti Donald Tramp administrasiyasına qarşı federal məhkəmədə iddia qaldırıb.
Universitet, hökumətin həyata keçirdiyi tədbirlərin qurumun konstitusiya ilə qorunan hüquqlarını pozduğunu iddia edir. Bu barədə “Axios” məlumat yayıb. Ivy League-ə daxil olan nüfuzlu universitet Tramp administrasiyasının çoxsaylı tələblərini rədd etdikdən sonra, federal fondlardan ayrılmış 2,2 milyard dollar vəsaitin dondurulması ilə üzləşib.
Bu məhkəmə iddiası administrasiyanın elit universitetlərlə qarşıdurmasının daha da kəskinləşdiyini göstərir. Belə ki, administrasiya bu universitetlərin daxili siyasətlərinə təsir göstərməyə və federal vəsaitlər vasitəsilə onları yönləndirməyə çalışır.
Harvard Universitetinin prezidenti Alan Qarber bildirib ki, hökumətin həddindən artıq müdaxiləsinin nəticələri ciddi və uzunmüddətli olacaq. O, administrasiyanı görünməmiş və yersiz nəzarət tətbiq etməyə çalışmaqda ittiham edib.
Tramp administrasiyasının universitetə qarşı irəli sürdüyü tələblər əsasən institusional siyasətlə bağlı olsa da, maliyyənin dondurulması akademik tədqiqatlar üçün ciddi təhdid yaradır. Qarberin sözlərinə görə, bu qərar xərçənglə mübarizə, yoluxucu xəstəliklərin qarşısının alınması və döyüş meydanında yaralanmış əsgərlərin reabilitasiyası ilə bağlı mühüm tədqiqatların gələcəyini sual altına alır.
Son həftələrdə Tramp administrasiyası elit ali təhsil müəssisələrinə qarşı genişmiqyaslı kampaniya başladıb. Məsələn, Kolumbiya Universiteti federal maliyyələşməni qorumaq məqsədilə bəzi akademik strukturlar üzərində nəzarəti buraxaraq kampus polisinin səlahiyyətlərini genişləndirib. Miçiqan Universiteti isə müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını ləğv edib.
Bununla belə, Harvardın Tramp administrasiyasına qarşı çıxışı digər universitetlər tərəfindən dəstəklənir. Kornell, Braun, Massaçusets və Miçiqan universitetləri bu iddiaya dolayı şəkildə qoşularaq, akademik tədqiqatlar və dolayı xərclərin azaldılması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Xatırladaq ki, Donald Trampın Ağ Evə qayıtdıqdan sonrakı dövrdə prezident reytinqi kəskin şəkildə aşağı düşüb. ABŞ ictimaiyyətinin əksəriyyəti prezidentin universitetlərlə fikir ayrılığı səbəbilə onların maliyyələşməsini dayandırmasını düzgün hesab etmir.