Abxaziyanın bütün ərazisi elektrik enerjisiz qalıb. “Çernomorenerqo” şirkətinin mətbuat xidmətinin yaydığı məlumata görə, buna səbəb Gürcüstanın enerji sistemində baş verən qəza olub.
Məlumatda qeyd olunur ki, Gürcüstanın yüksək gərginlikli elektrik şəbəkəsində nasazlıq qeydə alınıb və bu səbəbdən Abxaziya tamamilə işıqsız qalıb. Gürcüstanın Dövlət Elektrik Sistemi hadisəni təsdiqləyərək, enerji təminatının bir saat ərzində bərpa olunacağını bildirib. Artıq Tbilisinin bir sıra rayonlarında elektrik enerjisi bərpa olunub.
Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Viktor Vodolatski bəyan etmişdi ki, Rusiya Abxaziyaya elektrik enerjisi verməyə başlayıb. Onun sözlərinə görə, Moskva respublika sakinlərini həm enerji, həm də sosial-iqtisadi sahədə dəstəkləməyə davam edəcək.
Abxaziya Prezidenti Badra Qunba isə bildirib ki, Rusiyaya humanitar elektrik yardımı üçün müraciət edilib və nəticədə enerji axını təmin olunmağa başlanıb. Ölkədə enerji böhranı səbəbilə əhaliyə yalnız 20 saatlıq enerji təminatı həyata keçirilir.