Gürcüstan prokurorluğu hökumət əleyhinə nümayişlərdə iştirak edən şəxslərə maddi dəstək verən beş fəalın ünvanında axtarış həyata keçirdiyini açıqlayıb. Axtarışlar dövlət quruluşuna qarşı yönəlmiş təxribat və konstitusiya quruluşunu pozmaq məqsədilə vəsaitdən istifadə maddələri üzrə başladılmış cinayət işi çərçivəsində aparılıb.
Bu barədə Reuters məlumat yayıb.
Prokurorluğun bildirdiyinə görə, bu şəxslər mart ayında saxlanılan etirazçılara hüquqi yardım göstərilməsi və onların cərimələrinin ödənməsi üçün vəsait toplanması kampaniyalarında iştirak ediblər. Hüquq-mühafizə orqanları həmin fəaliyyətlərin qanunsuz mitinqləri maliyyələşdirmək və nümayişçiləri qanun pozuntularına sövq etmək məqsədi daşıdığını iddia edir.
İstintaq çərçivəsində adıçəkilən fəalların bank hesabları dondurulub. Onlardan bəziləri axtarış zamanı mobil telefon və noutbuklarının müsadirə edildiyini bildiriblər.
Qeyd edək ki, Gürcüstanda 2024-cü ilin noyabrından bəri kütləvi etiraz aksiyaları keçirilir. Nümayişçilər hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqı ilə üzvlük danışıqlarını dayandırmaq cəhdinə qarşı çıxırlar. Hakimiyyətin sərt reaksiyası və təhlükəsizlik qüvvələrinin zorakı müdaxiləsi beynəlxalq aləmdə, xüsusilə Qərb ölkələri tərəfindən tənqid olunub.
Bundan əlavə, “Gürcü Arzusu” hökuməti xarici donor təşkilatlarının hökumətin icazəsi olmadan qrant ayırmasını qadağan edən yeni qanun layihəsini təşviq edir. Tənqidçilər bu təşəbbüsü vətəndaş cəmiyyətinə qarşı təzyiq vasitəsi və Qərblə inteqrasiya prosesindən uzaqlaşma addımı kimi qiymətləndirirlər.