Gömrük işçiləri niyə gecə yarısına kimi işləyir? - Əmək şaraitindən narazılıq

Bakı Baş Gömrük İdarəsi, Abşeron, Xocəsən, İpək-Yolu və digər gömrük postlarında çalışan əməkdaşlar, iş vaxtından əlavə xidmətə çağrılmalarından, istirahət vaxtlarının verilməməsindən və digər əmək şəraiti ilə bağlı narazılıqlarını bildirib.

Onların sözlərinə görə, əməkdaşların iş saatları 18:00-da bitməli olsa da, bəzən yüklərin qəbulu, yerləşdirilməsi və müayinəsi saat 01:00-02:00-a qədər davam edir.

Gömrük əməkdaşlarının narazılıqları yalnız iş saatlarının uzadılması ilə məhdudlaşmır. Martın əvvəlində Dövlət Gömrük Komitəsi əməkdaşlarına məzuniyyətə çıxmağın qadağan edilməsi barədə məlumat yayılmışdı. Bundan başqa, ötən ilin oktyabr ayından bəri ala bilmədikləri əməkhaqqılarını yalnız bu ilin yanvar ayının sonunda əldə ediblər. Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələr isə dekabr və yanvar ayları üçün təqaüdlərini hələ də ala bilmədiklərini bildirdilər.

Bu vəziyyət, gömrük əməkdaşlarının iş şəraiti və hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqlara səbəb olub. /BX Live BLOG/