Gürcüstan hökumətində növbəti yüksək vəzifəyə yeni təyinat baş tutub.
Baş nazir İrakli Kobaxidze Daxili İşlər Nazirliyinə yeni rəhbər kimi Gela Geladzeni təqdim edib. O, vəzifəsindən istefa verən keçmiş nazir Vaxtanq Qomelaurini əvəzləyib.
Gela Geladze cəmi iki ay öncə Dövlət Təhlükəsizlik Xidmətinin (SUS) rəhbərinin müavini vəzifəsinə gətirilmişdi. Ondan əvvəl isə 2025-ci ilin yanvar ayından aprelin 5-nə qədər Müdafiə Nazirliyində nazir müavini kimi çalışıb. Müdafiə Nazirliyindəki fəaliyyəti dörd ay, SUS-da isə iki aydan az davam edib.
Baş nazir Kobaxidze yeni naziri “çoxillik təcrübəyə malik və gözəl ixtisaslara sahib hüquqşünas” kimi təqdim edib. Gela Geladzenin hüquq-mühafizə orqanlarında fəaliyyəti Milli Hərəkat hökuməti dövründən başlayır və bu günə qədər davam edir.
Qeyd edək ki, sabiq nazir Vaxtanq Qomelauri bu səhər ictimaiyyətlə vidalaşaraq, yazılı açıqlama yayıb. O, ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirib və yeni nazirin təqdimat mərasiminə qatılmayıb. Gela Geladzenin yeni vəzifədə hansı islahatlara imza atacağı və Daxili İşlər Nazirliyində hansı dəyişikliklərin baş verəcəyi isə qarşıdakı günlərdə aydın olacaq.