Gecə klubunda ölən 100 insan... "Jet Set" faciəsi necə araşdırılır?

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda yerləşən məşhur Jet Set gecə klubunda baş verən faciə bütün ölkəni yasa boğub. Klubun damının qəfil uçması nəticəsində azı 98 nəfər həyatını itirib. Hadisə zamanı çox sayda insanın klubda əyləndiyi bildirilib.

Yerli medianın məlumatına görə, faciənin miqyasının son dərəcə böyükdür. Ölənlərin sayı ilkin olaraq 58 nəfər olsa da, bu rəqəm artıq 98-ə yüksəlib. Hazırda 155 nəfər xəstəxanalarda müalicə alır.

Hadisə yerində artıq ikinci gündür ki, xilasetmə əməliyyatları davam edir. Yüzlərlə yanğınsöndürən, mülki müdafiə işçisi və milli polis qüvvələri dağıntılar altında qalan insanları tapmaq üçün çalışır. Rəsmilərin ehtimalına görə, dağıntılar altında hələ də sağ qalan insanlar ola bilər.

Faciə baş verən an gecə klubunda merenq musiqisinin tanınmış ifaçısı Rubbi Perezin konserti keçirilirmiş. Hadisədən sonra onun taleyi ilə bağlı qeyri-müəyyənlik yaranmışdı. Lakin daha sonra sənətçinin sağ olduğu və dağıntılardan xilas edildiyi xəbəri təsdiqləndi. Bu məlumatı Rubbi Perezin qızı Sulinka da təsdiqləyib. Onun sözlərinə görə, atası səhnədə olduğu vaxt faciə baş verib və xilasedicilər tərəfindən xilas edilib.

Hazırda klubun damının niyə uçduğu ilə bağlı rəsmi araşdırma aparılır. Mütəxəssislər binanın texniki vəziyyəti, yüklənmə dərəcəsi və təhlükəsizlik tədbirlərinin nə dərəcədə yerinə yetirildiyini yoxlayırlar.