FTB Ağ Evin kokain işi üzrə istintaqa yenidən başlayır

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2023-cü ilin iyul ayında Ağ Evdə aşkarlanan kokainlə bağlı təhqiqatı yenidən açmağa qərar verib.

"Bizimxeber" bildirir ki, bu barədə FTB direktorunun müavini Den Bonqino X sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Bonqino bildirib ki, Cash Patelin rəhbərlik etdiyi yeni heyət narkotiklərlə bağlı bu insident də daxil olmaqla, “potensial korrupsiya ilə əlaqəli” bir sıra işlərə yenidən baxacaq. "And içdikdən sonra Direktorla birlikdə bir sıra potensial hökumət korrupsiyası hallarını qiymətləndirdik. Bu işlər ya yenidən açılacaq, ya da əlavə resurslarla istintaq dərinləşdiriləcək", – deyə Bonqino qeyd edib.

Xatırladaq ki, 2023-cü ilin 2 iyul tarixində Ağ Evin Qərb Qanadında, yəni Oval Ofisin yaxınlığında kokain aşkarlanmışdı. ABŞ Gizli Xidməti məsələ ilə bağlı müşahidə kameralarının görüntülərini və ziyarətçi siyahılarını incələsə də, maddənin kimin tərəfindən orada qoyulduğunu müəyyən edə bilməmişdi. İstintaq nəticəsiz qalmış və versiyalardan birinə görə, narkotik turistlərdən birinə aid ola bilərdi.

The Washington Post bu işin açılma ehtimalını "praktiki olaraq sıfır" kimi qiymətləndirmişdi. Sabiq prezident Donald Tramp isə daha da irəli gedərək, maddənin keçmiş prezident Co Bayden və ya onun oğlu Hunter Baydenə aid ola biləcəyini iddia etmişdi.

Maraqlıdır ki, bu cür şübhəli situasiyalar təkcə ABŞ-da deyil, digər Qərb liderləri ilə də əlaqələndirilir. Daha əvvəl Britaniyanın baş naziri Keir Starmer, Almaniyanın yeni kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron qatarda əyləşərkən çəkilmiş bir videoda Makronun masadan ağ maddəyə bənzər bir çantanı götürməsi geniş müzakirələrə səbəb olmuşdu. İnternet istifadəçiləri bu görüntüləri qadağan olunmuş maddə ilə əlaqələndirmişdi.