Fransisk son yüz ildə Vatikandan kənarda dəfn edilən ilk Papa olacaq

Kral ailələrinin üzvləri, dünya liderləri, baş nazirlər və on minlərlə mömin Roma Papası Fransisklə vida mərasimində iştirak etmək üçün Vatikana axışıb.

Papa Fransisk bu həftənin əvvəlində, 88 yaşında vəfat edib. Onun dəfni 1,4 milyard katolik üçün yalnız bir mərasim deyil, həm də uzun illər davam edən ruhani liderliyinə ehtiramın ifadəsi kimi qəbul olunur. Dəfn mərasimi şənbə günü səhər saat 10:00-da Müqəddəs Pyotr Meydanında keçiriləcək.

Son üç gün ərzində təxminən 250 min insan Müqəddəs Pyotr Bazilikasında onun cənazəsinin qarşısından keçərək vida edib. Tabutu mərasimin başlanğıcında bazilikanın əsas qapısından çıxarılacaq və mərasimə 250 minədək insanın qatılacağı gözlənilir. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb, hava məkanı bağlanıb, şəhər patrul gəmiləri və zenit raketləri ilə qorunur.

Mərasimə ABŞ-ın sabiq prezidenti Donald Tramp, Fransa, Almaniya, İtaliya və digər ölkə liderləri, həmçinin Avropa krallıq ailələrinin nümayəndələri qatılıb. Mərasimi kardinal Giovanni Battista Re idarə edəcək.

Fransisk papa seçildiyi 2013-cü ildən bəri islahatçı kimi tanınıb. O, varlı ölkələri miqrantlara yardım etməyə və iqlim dəyişikliyinə qarşı tədbirlər görməyə çağırıb. Özünün dəfn mərasimi üçün də sadəliyə üstünlük verən Papa, ənənəvi üçqat tabut əvəzinə sadə taxta tabut seçib.

Ənənədən kənar digər qərarı isə dəfn yeridir. Fransisk son yüz ildə Vatikandan kənarda dəfn edilən ilk Papa olacaq. Onun məzarı Romanın Müqəddəs Məryəm Böyük Bazilikasında yerləşəcək və üzərində sadəcə "Francis" yazılacaq.

İndi diqqətlər Papa Fransiskin varisinin kim olacağına yönəlib. Gizli konklavın mayın 6-dan əvvəl başlaması ehtimalı azdır, lakin sonrakı günlərdə kardinal seçicilər toplanaraq yeni Papaya səs verəcəklər.