İsrail-Fransa münasibətlərində son günlər daha bir gərginlik yaşanır. Aprelin 20-dən 24-dək İsrailə və Fələstin ərazilərinə səfər etməyi planlaşdıran 27 nəfərlik fransız deputat heyətinin vizaları İsrail Daxili İşlər Nazirliyi tərəfindən ləğv olunub. Bu qərar Fransada ciddi narazılığa və diplomatik problemlərə səbəb olub.
Fransanın Ekoloji Qrup və Kommunist Partiyasından olan deputatlar səfərlərindən cəmi iki gün əvvəl vizalarının ləğv edildiyini açıqlayıblar. Onların sözlərinə görə, bu səfər aylar əvvəl planlaşdırılıb və təsdiq alınıb. Deputatlar bu addımı "kollektiv cəza" və "Fransa dövlətinin diplomatik nüfuzuna qarşı hörmətsizlik" kimi dəyərləndiriblər.
Fransız deputatlar prezident Emmanuel Makrona müraciət edərək məsələ ilə bağlı açıq və konkret mövqe bildirməsini tələb ediblər. Onlar həmçinin İsrail hakimiyyətindən bu qərarın səbəbləri barədə izahat istəyiblər və səfərlərinə yenidən icazə verilməsi üçün diplomatik kanalların işə salınmasını istəyiblər.
İsrail tərəfi isə mövqeyini daha sərt şəkildə əsaslandırıb. Daxili İşlər Nazirliyi bildirib ki, bu qərar “İsrail dövlətinə qarşı hərəkət etmək istəyən şəxslərin ölkəyə girişini qadağan edən” qanuna əsaslanır. Lakin konkret hansı hərəkətlərin bu qərara səbəb olduğu barədə əlavə açıqlama verilməyib.
Maraqlı məqam ondan ibarətdir ki, bu hadisə Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətinin tanınması barədə verdiyi açıqlamalardan dərhal sonra baş verir. Makron bildirmişdi ki, bir neçə ölkə, o cümlədən Fransa, iyun ayında keçiriləcək BMT konfransında Fələstin dövlətini tanıya bilər. Bu, İsrailin narahatlığına səbəb olub və baş nazir Netanyahu Makronu bu qərardan çəkindirməyə çalışıb.
Belə görünür ki, Fransanın bəzi siyasi dairələrinin Fələstinə dəstək nümayiş etdirməsi İsrailin sərt reaksiya verməsinə gətirib çıxarıb. Fransa nümayəndə heyəti sabah Parisdə mətbuat konfransı keçirəcək.