/BX LiveBLOG/
“Time” jurnalının Ukrayna prezidenti Vladimir Zelenskinin Kremlin yanğını təsvir edən rəsm qarşısında çəkdiyi fotonu dərc etməsi Moskvada geniş müzakirələrə səbəb olub.
"Bizimxeber" bildirir ki, Rusiya rəsmiləri bunu təxribat kimi qiymətləndirərək sərt reaksiya veriblər.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlama verib. O, bu cür görüntülərin verilməsinin Zelenskinin “intellektual inkişafını və daxili vəziyyətini” nümayiş etdirdiyini bildirib. Peskovun bu sözləri Kremlin Zelenskinin davranışından və onun verdiyi mesajdan narahat olduğunu göstərir.
Məlumata görə, fotoda əks olunan rəsm gürcü rəssamı Sandro Antadze tərəfindən 2022-ci ildə çəkilmiş “Yuxu” adlı əsərdir. Rəsmin Ukraynanın Rusiya ilə müharibədəki qələbəsini simvollaşdırdığı iddia olunur. Zelenskinin ofisinin divarını bəzəyən bu rəsmin onun 2023-cü ilin sonundakı Yeni il çıxışı zamanı görüntüləndiyi bildirilir.
Bundan əlavə, Zelenskinin yatağının üstündə 2022-ci ildə Qara dənizdə batan rus gəmisinin fotosunun asıldığı qeyd olunur. Ukrayna lideri jurnala açıqlamasında rəsmlərin onun üçün böyük mənası olduğunu və “hər birinin qələbəni simvolizə etdiyini” vurğulayıb: “Mən bunun üçün yaşayıram”.
Zelenskinin bu jesti Moskvanın diqqətindən yayınmayıb. Rusiya tərəfi bunu provokasiya kimi qiymətləndirir və Ukrayna prezidentinin media üzərindən siyasi mesajlar verməyə çalışdığını düşünür. Bu hadisə, Ukrayna ilə Rusiya arasındakı informasiya savaşının və simvolizmin diplomatiyada necə rol oynadığının bir nümunəsi kimi qiymətləndirilə bilər. /Əl-Hədas/