Özgür Özel həftəlik mitinqlərə və iqtisadi boykotu gücləndirməyə çağırıb

/BX LiveBLOG/

Türkiyədə ana müxalifət partiyası – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl İstanbul meri Əkrəm İmamoğlunun həbsi fonunda hökumətə qarşı etirazları genişləndirmək çağırışı edib. O, prezident Rəcəb Tayyib Ərdoğana yaxın hesab edilən şirkətlərin məhsul və xidmətlərinə boykotu gücləndirməyə və hər həftə kütləvi mitinqlər keçirməyə çağırıb. 

"Bizimxeber" “The Guardian”a istinadən bildirir ki, ötən həftə sonu İstanbulda 2.2 milyon insanın iştirak etdiyi mitinqdə çıxış edən CHP lideri Doğuş Qrupunu Ərdoğanla əlaqələrinə görə sərt tənqid edib. O, Doğuş Qrupunun etirazlardan qorxduğunu bildirərək, bu holdinqin boykot kampaniyaları nəticəsində çökəcəyini bəyan edib.

Doğuş Qrupu Türkiyədə geniş təsir dairəsinə malik bir holdinqdir. Tikinti, enerji, daşınmaz əmlak və media sektorlarında fəaliyyət göstərən bu qurum NTV kimi hökumətyönlü telekanallara da sahibdir. CHP lideri həmçinin şirkətləri bu cür media qurumlarında reklam verməməyə çağıraraq, hökumət nəzarətində olan mediaya maliyyə dəstəyinin dayandırılmasını tələb edib.

Qeyd edək ki, İstanbul meri Əkrəm İmamoğlunun həbsi Türkiyədə genişmiqyaslı hökumət əleyhinə etirazlara səbəb olub. Hər gecə İstanbul meriyasının qarşısında toplaşan insanlar polis qüvvələri ilə qarşıdurmalara girir. Mitinqlər əsasən müxalifətin vətəndaş azadlıqları uğrunda mübarizə aparması fonunda keçirilməkdədir.

Ötən şənbə günü baş tutan mitinqdə CHP lideri etirazların davamlı olması üçün insanları hər həftə küçələrə çıxmağa çağırıb. Müxalifət tərəfdarları İmamoğlunun həbsi və siyasi təzyiqlərə qarşı həmrəylik nümayiş etdirməyə davam edirlər. Türkiyədə siyasi gərginliyin hələ uzun müddət davam edəcəyi gözlənilir. /Bizimxeber Live BLOG/