Estoniya hökuməti Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi ləğv etdiyini rəsmən elan edib. Qərar Avropa İttifaqının ümumi siyasi xəttinə uyğun olaraq, mayın 8-də qəbul edilib. Yerli media bu addımı Tbilisidəki hakimiyyətə qarşı siyasi təzyiq aləti kimi qiymətləndirir.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bəyan edib ki, bu qərar, hakim "Gürcü Arzusu" partiyasının vətəndaş cəmiyyətinə, avrointeqrasiya tərəfdarlarına və müstəqil mediaya qarşı repressiyalarına cavabdır. Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanın ümumi vizasız rejiminə də yenidən baxa bilər.
“Gürcüstanın avropa yolu hakimiyyətin addımları ilə risk altına atılır. Aİ buna səssiz qala bilməz,” – Tsahkna bildirib.
Estoniya artıq 83 nəfər Gürcüstan vətəndaşına qarşı fərdi sanksiyalar tətbiq edib. Siyahıya "Gürcü Arzusu"nun fəxri sədri Bidzina İvanişvili və baş nazir İrakli Kobaxidze də daxildir. Lakin partiyanın rəsmiləri bu addımları "əhəmiyyətsiz" adlandıraraq, Baltikyanı ölkələrin siyasi jestlərini ciddiyə almadıqlarını bildiriblər.
Hazırda Tbilisidə avropayönlü etirazlar davam edir. Aİ bayraqları altında toplaşan minlərlə insan Gürcüstan hökumətini Avropa dəyərlərindən uzaqlaşmaqda və "xarici agentlər" qanun layihəsi ilə medianı susdurmaqda ittiham edir.