Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan Dialoqu 2025” beynəlxalq forumunda çıxışı zamanı Ermənistanla Azərbaycan arasında yeni müharibənin olmayacağına inandığını bildirib və sülh gündəliyinə sadiq qalacaqlarını vurğulayıb.
“Bütün təxribatlara və arqumentlərə baxmayaraq, mənə aydındır ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olacaq,” – deyə Paşinyan forumda çıxışı zamanı qeyd edib.
Paşinyan çıxışında Azərbaycanın sülh sazişi ilə bağlı irəli sürdüyü tələblərə də toxunub. O, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı hər hansı ərazi iddialarının olmadığını bildirib. Əgər Ermənistan Konstitusiya Məhkəməsi Bakı ilə sülh sazişini ölkə qanunlarına zidd hesab edərsə, baş nazir Konstitusiyaya dəyişikliklər təşəbbüsü ilə çıxış edəcəyini bildirib: “Əgər Konstitusiya Məhkəməsi razılaşmanı uyğun hesab etməzsə, dəyişikliklər üçün şəxsən təşəbbüs göstərəcəyəm. Çünki sülh fürsətini əldən vermək olmaz. Bu, mənim mövqeyimdir.”
Ermənistanın baş naziri çıxışında həmçinin Azərbaycanın ATƏT-də Minsk Qrupu strukturlarının ləğvini təklif etməsi məsələsinə də münasibət bildirib. O, Azərbaycanın eyni vaxtda həm sülh müqaviləsi imzalamağa, həm də Minsk Qrupunu ləğv etməyə çalışmasını ziddiyyətli addım kimi dəyərləndirib.