Ermənistanın yeni Konstitusiyası 10 aya hazır olacaq

Ermənistanın yeni Konstitusiyasının hazırlanması üzərində işlər davam etdirilir və sənədin son variantı 10 aya hazır olacaq.

Bizimxeber "Sputnik Ermənistan"a istinadən bildirir ki, bu barədə ölkənin ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında deyib.

Qalyan deyib ki, hazırda müxtəlif mətn variantları müzakirə olunur, lakin hələlik yekun qərar verilməyib. O, eyni zamanda vurğulayıb ki, Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması məsələsi rəsmi şəkildə gündəmdə deyil və bu barədə heç bir müzakirə aparılmayıb.

Srbuhi Qalyan Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlki bəyanatına istinad edərək bildirib ki, Konstitusiyanın dəyişdirilməsi məsələsi regional və beynəlxalq amillərlə də əlaqəlidir.

Xatırladaq ki, mart ayında Paşinyan 2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi üçün referendumun keçirilməsini planlaşdırdıqlarını açıqlamışdı. Baş nazir həmin vaxtda bildirib ki, referendumun 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə eyni vaxtda təşkili daha məqsədəuyğun ola bilər. Bununla belə, aprel ayında Paşinyan parlamentdə çıxışı zamanı yeni Konstitusiyada artıq Müstəqillik Bəyannaməsinə istinad olmamalı olduğunu bəyan etmişdi.