Ermənistanda ictimai nəqliyyatda qiymət artımına qarşı narazılıqlar getdikcə güclənir. News.am saytının verdiyi məlumata görə, bu dəfə Proşyan və Kasax kəndlərinin sakinləri qiymət artımına etiraz olaraq ölkənin əsas magistral yollarından birini bağlayıblar.
Qeyd edək ki, bu yol yalnız İrəvana yaxın deyil, həm də Gürcüstanla sərhədə aparan əsas strateji yollardan biridir. Etirazçılar nəqliyyat xərclərinin əhaliyə ağır təsir etdiyini bildirərək, qiymət artımının ləğvini tələb edirlər.
Hadisə yerinə gələn polis qüvvələri əraziyə nəzarət etsələr də, magistral yolun açılması üçün sərt müdaxilə etməyiblər. Bu, son dövrlərdə Ermənistanda nəqliyyat qiymətlərinə qarşı keçirilən ilk etiraz aksiyası deyil.
Etiraz fonunda Ermənistanın informasiya sahəsində də gərginlik yaşanır. Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan ölkədəki multipleks yayımında Rusiya telekanallarının sayının azaldılmasının vacibliyini bəyan edib. Sputnik Ermənistanın məlumatına görə, Akopyan bunu ölkənin yayım məkanında xarici teleşirkətlərin dominantlığı ilə izah edib.
Bu arada Rusiya-Ermənistan münasibətlərində gərginlik davam edir. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Ermənistana xəbərdarlıq edərək bildirib ki, ABŞ-la yaxınlaşma bu ölkəni "ikinci Ukrayna"ya çevirə bilər. Juravlyov qeyd edib ki, “Ukrayna layihəsi başa çatmaq üzrədir və Vaşinqton indi yeni "əvəzedici" axtarır.”
Həmşinin Moskva tərəfindən etiraz dalğasının bir hissəsi kimi, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata Vesti Nedeli proqramında səslənən və Ermənistanın suverenliyinə qarşı yönəldiyi deyilən "süni narrativlərə" görə etiraz notası təqdim olunub.