Ermənistan Rusiya kanallarının yayımını məhdudlaşdırır

Ermənistan hökuməti Rusiya telekanallarının ölkədəki yayımının məhdudlaşdırılması məsələsini gündəmə gətirib.

Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyanın sözlərinə görə, ictimai multipleksdə (televiziya tezlikləri üçün ayrılmış ümumi platforma) xarici, xüsusilə də Rusiya mənşəli telekanalların sayının azaldılması zəruridir.

“Hesab edirəm ki, bizim ictimai multipleksimizdə xarici televiziya şirkətlərinin olması əhəmiyyətli dərəcədə azaldılmalıdır”, – deyə Akopyan Sputnik Ermənistan-a bildirib.

Akopyan həmçinin vurğulayıb ki, əgər Ermənistan əvvəldən siyasi iradə nümayiş etdirərək Rusiya Federasiyasına tezliklər verməsəydi, bu gün iki ölkə arasında informasiya müstəvisində bu qədər gərginlik yaşanmazdı. Onun sözlərinə görə, Fransa da artıq İrəvandan efir vaxtı almaqla bağlı müzakirələrə başlayıb.

Məlumata görə, Rusiya teleməkanının əsas informasiya proqramlarından biri olan “Vesti Nedeli”nin Ermənistanda yayımlanması ilə bağlı narazılıq diplomatik gərginliyə səbəb olub. Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkini nazirliyə çağıraraq, verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş “süni narrativlərin” təqdim edilməsinə görə rəsmi etiraz notası təqdim edib.

Bütün bunlar fonunda Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlevin sərt açıqlaması da diqqət çəkib. Juravlev bildirib ki, Ermənistan ABŞ-la yaxınlaşmağa davam edərsə, ikinci Ukraynaya çevrilmək riski ilə üz-üzə qala bilər. “Ukrayna layihəsi artıq başa çatır. Vaşinqton indi onu əvəz edəcək yeni tərəfdaş axtarır”, – deyə Juravlev vurğulayıb.