Ərdoğanın oğlu Putin haqqında nələr dedi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etno-idman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan, Rusiya prezidenti Vladimir Putini qətiyyətli lider kimi qiymətləndirib.

"BX LİVE BLOG" bildirir ki, o, bu barədə TASS agentliyinə müsahibəsində danışıb.

“Bir dəfə İranda prezident Putinlə görüşdüm. Mən onu qətiyyətli lider, ölkəsinin və xalqının mənafeyini hər şeydən üstün tutan insan kimi görürəm. Cənab Putinin nümayiş etdirdiyi liderliyə bu çətin dövrlərdə mənalı və davamlı sülhə nail olmaq üçün ehtiyac var”, – deyə Bilal Ərdoğan bildirib.

O qeyd edib ki, hazırda dünya çətinliklərlə üz-üzədir və bu problemlərin öhdəsindən gələcəyinə ümid edir. Əlavə edib ki, Ankara, Rusiya-Ukrayna münaqişəsində və Fələstin məsələsində sülhün əldə olunması üçün fəal rol oynayıb.

Bilal Ərdoğan daha əvvəl də Rusiyaya rəğbətini ifadə etmişdi. O, Rusiya idmançılarının Olimpiya Oyunlarında ölkə bayrağı ilə iştirak etməli olduğunu vurğulamış və onların beynəlxalq yarışlardan kənarlaşdırılmasını “siyasi motivli qərar” adlandırmışdı.

Bundan əlavə, Ərdoğan Rusiyanın mədəniyyətini, mətbəxini və təbiətini yüksək qiymətləndirdiyini də dilə gətirib.