Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olmadığını açıqlayıb.
"Bizimxeber" bildirir ki, dövlət başçısı bununla yanaşı, ölkənin yeni və mülki konstitusiyaya ehtiyacı olduğunu vurğulayıb.
Bu barədə Ərdoğan Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı danışıb.
"Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrində deyiləm. Biz yalnız ölkəmizin nüfuzunu necə artıracağımızla maraqlanırıq. Türkiyə dəyişir, dünya dəyişir. Biz artıq yeni bir dövrə qədəm qoymuşuq", – deyə o bildirib.
Prezident qeyd edib ki, hazırda qüvvədə olan konstitusiya hərbi çevriliş dövründə hazırlanıb və bu sənədin müasir Türkiyənin tələblərinə cavab verməsi mümkün deyil: “Belə sürətlə dəyişən bir dünyada, çevriliş şəraitində yazılmış bir konstitusiyanın və o zehniyyətin hələ də qüvvədə qalması ilə irəliləmək mümkünsüzdür. İndi bizə çevrilişçilərin deyil, mülki şəxslərin hazırladığı demokratik bir konstitusiya lazımdır".
Ərdoğan son illərdə dəfələrlə Türkiyənin yeni konstitusiyaya ehtiyac duyduğunu dilə gətirib. Hazırda qüvvədə olan konstitusiya 1982-ci ildə hərbi rejim dövründə qəbul edilib və sonradan edilən dəyişikliklərə baxmayaraq, sənədin əsas fəlsəfəsi hələ də hərbi zehniyyəti əks etdirir.