İordaniyanın paytaxtı Əmmanda minlərlə insan İsrailin Qəzza zolağına hücumlarına qarşı etiraz olaraq küçələrə çıxıb. Sosial şəbəkələrdə yayılan videolarda nümayişçilərin Fələstin xalqına dəstək verdiyi və İsrailin hərbi əməliyyatlarını pislədiyi görünür.
Bu etirazlar yalnız İordaniya ilə məhdudlaşmır. MENA regionunun bir çox ölkəsində—İraqın paytaxtı Bağdadda, Mərakeşin Rabbat şəhərində və Yəmənin Taiz bölgəsində də İsrailin hücumlarına qarşı genişmiqyaslı aksiyalar keçirilir. Əmmanda keçirilən aksiyada etirazçılar bir neçə əsas tələblə çıxış ediblər:
İsrailin Qəzzaya hücumlarını dərhal dayandırması, Beynəlxalq ictimaiyyətin İsrailin hərəkətlərinə qarşı tədbir görməsi, Fələstin xalqına daha çox humanitar yardım göstərilməsi... Nümayişçilər "Qəzzaya Azadlıq!", "Soyqırıma Son!", "İşğala Yox!" kimi şüarlar səsləndiriblər.
İordaniya hökuməti uzun müddətdir ki, Fələstin məsələsində aktiv rol oynayır. Ölkənin kralı II Abdullah dəfələrlə İsrailin hərbi hücumlarını pisləyib və Fələstin xalqına humanitar yardımın artırılmasını dəstəkləyib.
Bununla belə, Əmmandakı etirazların böyüməsi İordaniya hökumətini çətin vəziyyətə sala bilər. Çünki ölkə, bir tərəfdən, ABŞ və İsrail ilə mühüm diplomatik əlaqələr saxlayır, digər tərəfdən isə, İordaniya cəmiyyətində Fələstin xalqına güclü dəstək var.
Əmmandakı aksiyalar, MENA regionunda İsrailin hərəkətlərinə qarşı artan qəzəbin bir hissəsidir. Bu gün etirazlar Bağdadda, Rabbatda və Taizdə də keçirilib. Regionun müxtəlif şəhərlərində insanlar Fələstin bayraqları dalğalandıraraq İsrailin hərbi əməliyyatlarına etiraz edirlər. /Bizimxeber Live BLOG/