Əfqanıstanda 140 yaşlı kişi- Həqiqət, yoxsa əfsanə?

Əfqanıstanda bir kişi 140 yaşında olduğunu iddia edir və bunu sənədlərlə sübut etməyə çalışır. Əfqanıstanın nüfuzlu xəbər portalı Tolo News bu qeyri-adi hadisəni işıqlandırıb.

Aksel Nazir adlı bu şəxs bildirib ki, 1919-cu ildə Əfqanıstan Böyük Britaniyadan müstəqilliyini elan etdiyi gün onun 30 yaşı var idi. Onun sözlərinə görə, Kral Əmanullahın dövrünü və o tarixi günü çox yaxşı xatırlayır. Nazir iddia edir ki, həmin vaxt sarayda olub və xalq hökmdara minnətdarlığını bildirərək, ingilislərin qovulmasını qeyd edirdi.

O, hər şeyi xatırlamasa da, həmin tarixi hadisəni unutmaması onun iddialarına müəyyən inandırıcılıq qatır.

Xost vilayətinin qubernatorunun mətbuat katibi Müstəqfər Gürbaz açıqlamasında bildirib ki, xüsusi texniki qrup Nazirin yaşını araşdıracaq. Əgər iddia təsdiqlənsə, Əfqanıstan rəhbərliyi onun Ginnesin Rekordlar Kitabına ən yaşlı insan kimi daxil olması üçün addımlar atacaq.

140 yaş həqiqətən mümkündürmü?

İndiyə qədər qeydə alınan ən uzun ömür sürən insan fransız Jeanne Calment (1875-1997) olub – o, 122 il yaşayıb. Əgər Nazir həqiqətən 140 yaşındadırsa, bu, tibbi və tarixi baxımdan inanılmaz kəşf olar.

Bununla belə, Əfqanıstan kimi ölkələrdə doğum qeydlərinin etibarlılığı sual altındadır. Tarixi faktları xatırlamaq müəyyən yaşı sübut edə bilər, lakin genetik və tibbi testlər olmadan dəqiq nəticə çıxarmaq mümkün deyil.

Bu iddia hələ ki, təsdiqlənməyib və yalnız araşdırmalardan sonra həqiqət olub-olmadığı bəlli olacaq. Əgər doğru çıxarsa, bu, tarixdə yeni rekord olacaq. Yox, əgər yalan çıxarsa, onda bu, sadəcə Əfqanıstanın ən maraqlı əfsanələrindən biri olaraq qalacaq. /Bizimxeber liveBLOG/