"Ədalətli və davamlı sülh lazımdır" - Meloni Putinin üç günlük atəşkəsini OYUN adlandırdı

İtaliyanın baş naziri Giorgia Meloni Rusiya prezidenti Vladimir Putinin elan etdiyi üç günlük atəşkəsin yetərli olmadığını bildirib. O, sülhün yalnız ədalətli və davamlı şəkildə əldə olunacağı təqdirdə real nəticələr verə biləcəyini vurğulayıb.

Maloni bu barədə İtaliyanın nüfuzlu “Corriere della Sera” nəşrinə verdiyi müsahibədə danışıb. O qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin qeyd-şərtsiz atəşkəsə hazır olduğunu bəyan etməsi Kiyevin sülhə sadiqliyinin göstəricisidir.

“İndi eyni yanaşmanı Rusiya da nümayiş etdirməlidir. Putinin İkinci Dünya Müharibəsində qələbənin ildönümü ilə bağlı elan etdiyi üç günlük barışıq başqa məqsədə xidmət edir və açıq-aydın qeyri-kafidir,” – deyə Meloni bildirib.

İtaliya hökumət başçısı qeyd edib ki, sülh yalnız etibarlı və uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə mümkün ola bilər. Bu məqsədlə Roma öz təklifini artıq irəli sürüb: “Vaşinqton Müqaviləsinin 5-ci maddəsindən ilhamlanaraq, hətta NATO Müqaviləsi xaricində belə, Ukraynaya təhlükəsizlik zəmanətləri verilməlidir.”

Xatırladaq ki, Meloni daha əvvəl də NATO-nun 5-ci maddəsinin Ukraynaya üzv olmadan tətbiq olunması təklifini irəli sürmüşdü. Onun fikrincə, bu yanaşma Ukraynanın təhlükəsizliyinin sabit və effektiv təminatına imkan verəcək.

İtaliyanın baş naziri mart ayının sonunda Fransa prezidenti Emmanuel Makronun irəli sürdüyü “zəmanət qüvvələri” ideyasına skeptik yanaşdığını xatırladıb. Həmin təşəbbüsə görə, müharibədən sonra Ukraynanın strateji əhəmiyyətli ərazilərində xarici qüvvələr yerləşdirilə bilərdi. Lakin Meloni bu yanaşmanın effektivliyinə şübhə etdiyini dəfələrlə bəyan edib.