Danimarka Ukraynaya silahsız əsgər göndərir

Danimarka Silahlı Qüvvələri Ukraynadakı təlim düşərgələrinə danimarkalı əsgərlərin göndərilməsini planlaşdırır. Bu barədə Danimarka quru qoşunlarının komandanı general-mayor Piter Boysen “TV 2” telekanalına açıqlamasında bildirib.

Boysenin sözlərinə görə, göndəriləcək əsgərlər silahsız olacaq və müxtəlif hərbi alaylardan seçiləcək. Əsas məqsəd – Ukraynadakı real döyüş şəraitində formalaşmış təcrübələri öyrənmək və tətbiq etməkdir. Xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) istifadə sahəsində Ukrayna ordusunun əldə etdiyi biliklər Danimarkanın maraq dairəsindədir.

"Silahlı Qüvvələrdəki 42 illik xidmətimdə hadisələrin bu qədər sürətlə inkişaf etdiyini heç vaxt görməmişdim", – deyə general Boysen bildirib.

O qeyd edib ki, son aylar ərzində Ukraynaya etdiyi iki səfər nəticəsində yeni silah sistemləri və taktiki döyüş üsulları ilə yaxından tanış olub. Bu bilikləri yerində öyrənmək məqsədilə Danimarka tərəfi bir neçə komanda əsgəri Ukraynaya göndərməyi planlaşdırır. Kursların yay aylarında başlaması gözlənilir və hər biri bir-iki həftə davam edəcək.

Danimarka tərəfi əsgərlərin döyüş əməliyyatlarında iştirak etməyəcəyini vurğulayır. Onlar təlim məqsədilə cəbhə xəttindən uzaqda – əsasən Ukraynanın qərbində, məsələn, Lvov yaxınlığında yerləşəcək.

General Boysen:

“Bu əsgərlər ora müharibədə iştirak etmək üçün deyil, bilavasitə təcrübə toplamaq üçün göndəriləcək. Bu da Ukrayna ordusunun komandanının birbaşa dəvəti əsasında həyata keçiriləcək”.

Moskva bu qərardan narahatlığını gizlətməyib. Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin Danimarka hərbçilərinin Ukraynaya göndərilməsini kəskin tənqid edərək bildirib ki, bu addım “Danimarkanın Ukraynadakı münaqişəyə birbaşa cəlb olunmasını dərinləşdirir və vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır”.

Qeyd edək ki, Danimarka mart ayında Ukraynanın müdafiə sənayesinə sərmayə qoymaq istəyən şirkətlərə 130 milyon avro həcmində dövlət zəmanəti təqdim edib. Bundan başqa, Danimarka “dron koalisiyası” çərçivəsində Ukrayna Müdafiə Qüvvələri üçün kəşfiyyat məqsədli PUA-ların alınmasına 20 milyon avro vəsait ayırıb.