Danimarka silahları Qəzzada mülki şəxslərə qarşı istifadə edilib - Araşdırma aparılır

Kopenhagendə məhkəmə  dörd aparıcı humanitar təşkilatın Danimarka dövlətinə qarşı qaldırdığı iddianı araşdıracaq. Təşkilatlar Danimarkanı İsrailə silah ixrac etməklə beynəlxalq hüququ pozmaqda ittiham edirlər.

İddiaçı təşkilatlar – Əl-Haq, Amnesty İnternational, Oxfam və ActionAid Danimarka – ötən il Danimarka Xarici İşlər Nazirliyinə və Milli Polisə qarşı məhkəməyə müraciət ediblər.

Onların fikrincə, Danimarkanın hərbi texnikası Qəzzada mülki şəxslərə qarşı törədilən ağır cinayətlərdə istifadə edilib.

Amnesty İnternational-ın Danimarka bölməsinin baş katibi Vibe Klarup bildirib ki, onlar insan hüquqlarını qorumaq mandatına sahibdirlər və bu silah ixracının təhlükəli nəticələr doğura biləcəyinə inanırlar.

Məlumata görə, silah ixracı üzrə qərarları Xarici İşlər Nazirliyi hazırlayır, lakin lisenziyaların verilməsi polis orqanının səlahiyyətindədir.

Danimarka mediası Danwatch və Information 2023-cü ildə İsrailin F-35 döyüş təyyarələrinin Danimarkanın Terma Group şirkəti tərəfindən hazırlanmış hissələrlə təchiz edildiyini ortaya çıxarıb.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen isə bu əməkdaşlığın “ölkənin təhlükəsizliyi və müttəfiqlərlə münasibətləri üçün həyati əhəmiyyət daşıdığını” bildirib.

Xatırladaq ki, Amnesty International ötən il İsraili Qəzzada fələstinlilərə qarşı “soyqırım” törətməkdə ittiham etmişdi.