COP 30 üçün Amazon meşəsi qurban verildi - Braziliya İqlim Sammiti üçün meşələri kəsir

Braziliyanın Belém şəhərində 2025-ci ildə keçiriləcək BMT İqlim Sammiti – COP30-a hazırlıqlar çərçivəsində Amazon Yağış Meşəsinin qorunan bir hissəsi buldozerlərlə dağıdılıb.

"Bizimxeber" bildirir ki, bu məhv prosesi, yerli əhali üçün müqəddəs sayılan açai ağaclarının vəhşicəsinə kəsilməsi ilə müşayiət olunub.

BBC-nin məlumatına görə, yalnız 13 kilometrlik dörd zolaqlı yol üçün minlərlə kvadratmetr meşə örtüyü məhv edilib. Yol, Amazonun nadir bataqlıq və yaşayış ərazilərindən keçərək, həm ekosistemi, həm də yerli cəmiyyətlərin həyatını alt-üst edib.

Lokal sakini Claudio Verequete açai ağaclarının itirilməsinə görə “hər şey məhv oldu” deyə təəssüfünü bildirir. O və onun kimi yüzlərlə yerli, bu ağacların onların gündəlik qidası, gəlir mənbəyi və mədəniyyətlərinin bir hissəsi olduğunu deyirlər.

Təbiət mühafizəçiləri bu addımı "şok edici istehza" adlandırırlar. Belə ki, planetin qorunması məqsədilə keçiriləcək beynəlxalq tədbir üçün ekoloji fəlakətə yol açılması, qlobal miqyasda etirazlara səbəb olub.

Amazonda çalışan vəhşi təbiət baytarı Silvia Sardinha bildirir ki, “meşə kəsilən andan itkilər başlayır”.

Onun sözlərinə görə, artıq bəzi heyvanlar, əvvəlki kimi ağac budaqlarında deyil, təhlükəli yol kənarlarında, yük maşınlarından yayınmağa çalışaraq yaşayırlar.

Yolun tikintisi nəticəsində bir-biri ilə bağlı olan meşə sahələri ayrılıb. Bu isə yaquarlar, quşlar və digər canlıların normal şəkildə hərəkət etməsini əngəlləyir. Ətraf mühitin bu şəkildə sıradan çıxarılması COP30-un ruhuna zidd olmaqla yanaşı, Braziliya hökumətinin verdiyi ekoloji vədləri də sual altına qoyur.